Azərbaycan-Vyetnam münasibətləri ortaq maraqlara əsaslanan tərəfdaşlıq modelidir -


BAKI, 19 noyabr. TELEQRAF
"Azərbaycan ilə Vyetnam arasında təxminən 70 illik tarixə malik dostluq və əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. İkitərəfli əlaqələrin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə genişləndirilməsi üçün yaranmış əlverişli imkanlar iki ölkə arasında tərəfdaşlığın strateji əhəmiyyətini daha da artırır".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, məhz bu kontekstdə Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin tarixi əsaslarını, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə etməklə, Bakı ilə Hanoy arasında əməkdaşlığın yeni prioritetlərini aydın şəkildə ortaya qoyur:
“Azərbaycan-Vyetnam münasibətlərinin təməli ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin formalaşmasında mühüm başlanğıc nöqtəsi olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri bu münasibətlərin inkişafında xüsusi mərhələ təşkil edib.
Müstəqillik dövründə də Azərbaycan bu ənənələri uğurla davam etdirib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun möhkəmlənməsinə mühüm töhfə verib.
Münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri olub. Səfər çərçivəsində aparılan danışıqlar nəticəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib”.
Deputat hesab edir ki, münasibətlərin inkişafında energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik də daxil olmaqla, geniş əməkdaşlıq istiqamətlərini əhatə edir: “Bu, tərəflərin ənənəvi dostluq münasibətlərini konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslərlə zənginləşdirmək niyyətinin göstəricisidir.
Azərbaycan-Vyetnam münasibətlərinin əsas inkişaf istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub.
Gələcək əməkdaşlıq üçün kənd təsərrüfatı, sənaye, alternativ enerji və digər perspektivli sahələrdə də geniş imkanlar mövcuddur. Qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və birgə müəssisələrin yaradılması ticarət dövriyyəsinin artırılmasına əlavə təkan verə bilər.
İki ölkə arasında iqtisadi münasibətlərin inkişafında nəqliyyat və logistika sahəsi xüsusi perspektivə malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması üçün yeni fürsətlər yaradır”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmlənməsində humanitar əməkdaşlıq da mühüm yer tutur: “Təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslər iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun inkişafına xidmət edir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond Vyetnamda təhsil və sosial infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək göstərir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və müxtəlif təhsil proqramlarının dəstəklənməsi bu fəaliyyətin mühüm nümunələrindəndir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub. Səfər çərçivəsində Vyetnamın dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, eləcə də Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi təhsil sahəsində əməkdaşlığın inkişafına verilən töhfələrdəndir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı inkişaf mərhələsini və gələcək hədəflərini müəyyən edən mühüm siyasi mesajlarla zəngindir. Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluqdan qaynaqlanan, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan çoxşaxəli tərəfdaşlıq modelidir”.
1 mənbə