Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"


Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs" Tarix: 20-11-2026 | Saat: 10:32 Bölmə:Siyasət | çapa göndər
Azərbaycanın hazırkı inkişaf mərhələsi siyasi, iqtisadi və sosial sahələrdə müasir yanaşmaların tətbiqini, indiyədək əldə olunmuş uğurların qorunub saxlanılmasını və qarşıdakı dövr üçün strateji məqsədlərin daha konkret şəkildə müəyyən edilməsini zəruri edir. Regional və beynəlxalq miqyasda baş verən proseslərin sürətlə dəyişməsi, dünya siyasətində rəqabətin getdikcə kəskinləşməsi siyasi partiyaların cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyəti daha da artırır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız zəngin siyasi irsin yaşadılması deyil, həm də müasir dövrün tələblərinə uyğun fəaliyyət modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı Aydın Hüseynov bunları aia.az-a verdiyi açıqlamasında bildirib.Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə təsis olunan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, ölkədə siyasi sabitliyin təmin edilməsi, milli maraqların müdafiəsi kimi fundamental prinsiplər əsasında meydana gəldi. Aradan keçən onilliklər ərzində YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyə malik siyasi təşkilatlardan birinə çevrildi. Qazanılmış təcrübə və formalaşmış siyasi ənənələr partiyanın üzərinə yeni məsuliyyətlər qoyur. Bu məsuliyyətlər sırasında dövlətin strateji inkişaf kursunun həyata keçirilməsinə dəstək göstərmək, xalqla və vətəndaşlarla münasibətləri daha da möhkəmləndirmək, siyasi dialoqun inkişafına töhfə vermək, eləcə də dəyişən zamanın tələblərinə uyğun təşkilati və siyasi fəaliyyət mexanizmlərini təkmilləşdirmək xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının ideoloji əsasını Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və siyasi baxışları təşkil edir. Həmin siyasi konsepsiyanın başlıca məqsədləri dövlət müstəqilliyinin qorunması, milli mənafelərin hər şeydən üstün tutulması, güclü dövlət institutlarının yaradılması və cəmiyyətin sabit inkişafının təmin edilməsi idi. Bu gün həmin dəyərlərin qorunması ilə yanaşı, onların müasir ictimai-siyasi reallıqlara uyğun şəkildə həyata keçirilməsi də xüsusi aktuallıq daşıyır. 2005-ci ildə cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra təşkilatın fəaliyyəti ölkənin yeni inkişaf strategiyası ilə paralel şəkildə davam etdirildi. İqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, müasir infrastrukturun qurulması, sosial rifahın yüksəldilməsinə yönəlmiş proqramların reallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müdafiə imkanlarının artırılması Azərbaycanın əsas inkişaf prioritetlərinə çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası isə milli tariximizdə tamamilə yeni mərhələnin başlanğıcını müəyyənləşdirdi. Bu mərhələnin vəzifələri əldə olunmuş hərbi və siyasi uğurların qorunması ilə bitmir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, iqtisadi həyatın bərpası və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi uzunmüddətli və ardıcıl fəaliyyət tələb edir.
2021-ci il martın 5-də baş tutan VII qurultay Yeni Azərbaycan Partiyasının təşkilati quruluşunun və proqram istiqamətlərinin yenilənməsi baxımından əlamətdar mərhələ kimi qiymətləndirilir. Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına, siyasi dialoqun daha da inkişaf etdirilməsinə və cəmiyyətdə milli birliyin möhkəmləndirilməsinə istiqamətləndi. Bu yanaşmalar YAP-ın siyasi mövqeyini və ideoloji mahiyyətini ifadə etməklə yanaşı, gələcək fəaliyyətinin əsas prinsiplərini də müəyyənləşdirir. Dövlətçilik ənənələrinin və milli mənafelərin qorunması, cəmiyyətin müxtəlif sosial qrupları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, siyasi proseslərdə fəal və konstruktiv mövqe nümayiş etdirilməsi, ictimai etimadın gücləndirilməsi həmin prinsiplərin əsas tərkib hissələridir. Partiyanın Proqramında təsbit edilmiş on bir strateji məqsəd də bu istiqamətlərin konkret fəaliyyət sahələri üzrə həyata keçirilməsini nəzərdə tutur.
Millət vəkili daha sonra qeyd edib ki, 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra meydana çıxan yeni strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Hazırkı şəraitdə Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Beynəlxalq və regional mühitdə baş verən dəyişikliklər ölkənin müdafiə potensialının daim inkişaf etdirilməsini, hərbi imkanların müasir tələblərə uyğun təkmilləşdirilməsini və təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsini tələb edir. Bununla yanaşı, milli təhlükəsizlik anlayışına yalnız hərbi müstəvidən yanaşmaq düzgün olmazdı. İnformasiya məkanında meydana çıxan təhdidlər, müxtəlif ideoloji təsirlər, milli tariximizin və həqiqətlərimizin təhrif olunması cəmiyyətin maarifləndirilməsini, milli-mənəvi dəyərlərin qorunmasını və xüsusilə gənc nəslin obyektiv informasiya ilə təmin edilməsini vacib məsələlərə çevirir. VIII qurultayda önəm verilən başlıca istiqamətlərdən biri də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsidir. Azad edilmiş ərazilərdə müasir yaşayış şəraitinin formalaşdırılması, sosial infrastrukturun qurulması, sahibkarlıq və istehsal fəaliyyətinin genişləndirilməsi, əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Böyük Qayıdışın mahiyyəti insanların öz doğma yurdlarına dönməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, həmin ərazilərdə iqtisadi, sosial və mədəni həyatın yenidən canlandırılmasını, müasir və davamlı inkişaf mühitinin yaradılmasını özündə birləşdirir. Bununla yanaşı, ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsi, yerli və xarici investisiyaların təşviqi, qeyri-neft sektorunun genişləndirilməsi, sənaye potensialının artırılması və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin gücləndirilməsi də yeni inkişaf mərhələsinin əsas hədəfləri sırasındadır. Bu istiqamətlər üzrə həyata keçirilən tədbirlər iqtisadiyyatın dayanıqlığını artırmaqla yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir. Xarici siyasətdə isə müstəqil dövlətçilik mövqeyinin qorunması, milli maraqlara uyğun qərarların qəbul edilməsi və qarşılıqlı fayda prinsiplərinə əsaslanan beynəlxalq tərəfdaşlığın genişləndirilməsi əsas prioritetlər olaraq qalır. Bütün bunlar göstərir ki, VIII qurultayın siyasi əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Qurultay Azərbaycanın qarşısında dayanan yeni tarixi vəzifələri vahid inkişaf strategiyası çərçivəsində birləşdirərək təhlükəsizlik, ideoloji sabitlik, iqtisadi tərəqqi, Böyük Qayıdış və müstəqil xarici siyasət məsələlərinin qarşılıqlı bağlılığını ön plana çıxarır. Bu məqsədlərə nail olmaq dövlət strukturlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların, siyasi partiyaların və vətəndaş cəmiyyətinin birgə və məsuliyyətli fəaliyyətini tələb edir.
Müasir dövrdə Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələrdən biri də milli maraqlara sadiqliyi yüksək ictimai məsuliyyət, peşəkarlıq, fəaliyyətində şəffaflıq və innovativ yanaşmalarla birləşdirməkdir. Bu istiqamətdə əldə ediləcək nəticələr yalnız ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də yerli icmaların, sahibkarlıq subyektlərinin və bütövlükdə cəmiyyətin qarşılıqlı əlaqəli və uzlaşdırılmış səyləri ilə müəyyən olunur. Məhz bu əməkdaşlıq mühiti Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji məqsədlərin reallaşdırılması üçün mühüm təminat yarada bilər-deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
