Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana akkreditə olunmuş 16 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar.
"Report" xəbər verir ki, ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Xəzər Hövzəsi Araşdırmaları" proqramı çərçivəsində "Azərbaycanda məcburi köçkünlər probleminin həlli: uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış" mövzusunda təlim sessiyası keçirilib.
Sessiya çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov "Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış" mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinin ağır nəticələri, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraiti olan yerlərdə yaşamağa məcbur qalması barədə ətraflı məlumat verilib.
Çıxışda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli qayıdışının təşkili dövlət siyasətinin başlıca prioritetləri sırasında qeyd olunub. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə də əhəmiyyətli töhfə verir. Böyük Qayıdış prosesi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də öz əksini tapıb.
Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastrukturun yaradılması və ərazilərin dayanıqlı inkişafı istiqamətində mühüm layihələr icra olunur.
Mühazirə zamanı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi əngəllər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan mina probleminin beynəlxalq səviyyədə həlli istiqamətində ardıcıl səylər göstərir, Ermənistanın mina xəritələrini təqdim etməsi ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında təcili tədbirlərin görülməsi tələbini irəli sürür. Bu xüsusda beynəlxalq ictimaiyyətin problemin həlli istiqamətində səylərinin gücləndirilməsi və Ermənistana təzyiqlərin artırılması zəruri hesab olunur.
1 mənbə