Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi


ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiyanın diktatoru Vladimir Putin ilk dəfə üçtərəfli formatda görüşüblər. Görüş Çinin Şençjen şəhərində baş tutub. Əsas danışıqlar noyabrın 19-na, cümə axşamına təyin edilib.
Məlumata görə, sammit Avropada narahatlıq doğurur. Avropa ölkələri tərəflərin digər dövlətlərin maraqlarını nəzərə almadan razılaşmalar əldə edə biləcəyini istisna etmirlər.
Azpost.info bildirir ki, bu barədə “Bild” nəşri yazır.
Ukrayna Prezidenti Volodimir Zelenski tarixdə baş verənlərin təkrarlana biləcəyindən ehtiyat edir. Həmin vaxt ABŞ, Böyük Britaniya və SSRİ liderləri müharibədən sonrakı Avropanın yenidən qurulması məsələlərini həll edirdilər. “Biz bunun təsir dairələrinin yenidən bölüşdürülməsi ilə nəticələnən ikinci, üçüncü və ya dördüncü Yalta olmasını qətiyyən istəmirik”, – deyə Zelenski bildirib.
Məlumata görə, Putin Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nizamlanmasında Avropa ölkələrinin rolunun məhdudlaşdırılmasına çalışır. O, Avropanın təhlükəsizliyinin necə təmin olunacağı məsələsini Vaşinqton və Pekinlə birbaşa müzakirə etmək istəyir.
Görüş Tayvanda da narahatlıq yaradıb. Əgər Ukrayna ilə bağlı razılaşmalar Kiyev və Avropa ölkələrinin iştirakı olmadan əldə edilərsə, Pekin bunu ada üzərində nəzarət məsələsində özünə verilən siqnal kimi qiymətləndirə bilər.
Trampın da sammitdə öz maraqları var. O, Rusiya və Çinin İranla bağlı münaqişənin nizamlanmasına kömək edəcəyinə ümid edir. Tehran Moskva ilə sıx əlaqələrini qoruyur, Çin isə İran neftinin əsas alıcılarından biridir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Conatan Tsin hesab edir ki, sammit narahatedici mesaj verir. Onun sözlərinə görə, “dünyanın ən böyük dövlətləri digər ölkələrin iştirakı olmadan beynəlxalq nizamın gələcəyini müəyyən edə bilərlər”.
Üçtərəfli sammitdən əvvəl Si Cinpin və Putin Şençjendə ayrıca görüş keçiriblər. Bu, onların cari ildə üçüncü şəxsi görüşüdür. Si iki ölkə arasındakı münasibətləri dağ kimi sarsılmaz adlandırıb.
Əvvəlcə Vaşinqton Ukrayna məsələsinin sammitdə müzakirə olunmayacağını bildirsə də, sonradan Tramp bu mövzunun gündəliyə daxil ediləcəyini açıqlayıb. Bundan başqa, Vaşinqtonun məlumatına görə, nüvə tərksilahı məsələsi də müzakirə mövzuları sırasındadır. Fevral ayında ABŞ və Rusiya arasında nüvə silahlarına dair ikitərəfli müqavilənin müddəti başa çatıb.
N.Talıblı
AzPost.az
Post navigation
Dərc vaxtına görə