Fransa ordusu hərbçilərin avadanlıqlarını daşımaq üçün robot qatırı sınaqdan keçirir


İlk yerüstü robot Fransa ordusunun Təmir Briqadasına təhvil verilib, daha iki sistemin də sınaqlara qoşulması planlaşdırılır.
Ordu.az xəbər verir ki, Fransa ordusunun texniki xidmət bölməsi hərbçilərin avadanlıqlarını daşımaq üçün hazırlanan yerüstü robotu sınaqdan keçirməyə başlayıb.
Ordunun məlumatına görə, layihənin ilkin tələbdən sahə sınaqlarına qədər olan mərhələsi cəmi bir il çəkib.
Ordunun Texniki Bölməsi (STAT) sınaqlar barədə məlumat yayıb. İnsansız quru platforması DOUMENC təlimi zamanı ilk sınaqların keçirilməsi üçün ordunun Təmir Briqadasına təhvil verilib. Bölmənin açıqlamasına görə, daha iki platforma da sınaqlara cəlb ediləcək.
STAT bildirib ki, robotlar avadanlıqların daşınması və təmir işlərinə kömək etmək üçün nəzərdə tutulub. Layihənin məqsədləri arasında hərbçilərin risklərə və düşmən atəşinə məruz qalmasını azaltmaq, onların daşıdığı yükü yüngülləşdirmək və şəxsi heyəti insansız sistemlərlə işləməyə alışdırmaq var.
Layihə ordunun Döyüş Bölməsi təşəbbüsü çərçivəsində hazırlanıb. Bu təşəbbüs yeni avadanlıq tələb edən şəxslərlə onu hazırlayan və sınaqdan keçirən mütəxəssisləri bir araya gətirir.
STAT-ın məlumatına görə, Fransa Müdafiə Təchizatı Agentliyi (DGA) və ordunun Logistika Briqadası ilə əməkdaşlıq nəticəsində robotlar cəmi bir il ərzində hazırlanıb.
Birinci səviyyədə robot operatorun idarəetmə qurğusu vasitəsilə, onun arxasınca hərəkət etməsi ilə idarə olunur. İkinci səviyyədə robotlaşdırma dəsti operatora kamera görüntüsü vasitəsilə platformanı məsafədən idarə etməyə imkan verir. Üçüncü səviyyədə isə sistem KNDS və FORVIA şirkətlərinin təklif etdiyi imkanlar çərçivəsində müstəqil hərəkət edir.
KNDS Fransa-Almaniya tank və artilleriya istehsalçısı, FORVIA isə Fransanın avtomobil hissələri təchizatçısıdır.
KNDS daha böyük texnikaların da robotlaşdırıla biləcəyini daha əvvəl nümayiş etdirib. Şirkət iyun ayında “S2M Equipment” ilə birlikdə köhnə AMX-30 tankını TOXO robotlaşdırma dəstindən istifadə etməklə məsafədən idarə olunan döyüş maşınına çevirib.
Fransa ordusu digər insansız quru platformalarını da sınaqdan keçirir. Bu ilin əvvəlində 2027-ci ildə ilk robotlaşdırılmış döyüş bölməsinin yaradılması planı çərçivəsində Sen-Sir Koetkidan hərbi akademiyasında hidrogenlə işləyən “Hermione” platformasının sınaqlarına başlanılıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
