ABŞ Milli Hava Qvardiyasının bölməsi hava hücumlarına dəstək missiyasından kiber müdafiəyə keçirilib


Luiziana Milli Hava Qvardiyasının quru qoşunları üçün hava zərbələrini koordinasiya edən 122-ci Hava Dəstəyi Əməliyyatları Eskadrilyası 122-ci Kiberməkan Əməliyyatları Eskadrilyası olaraq yenidən təşkil edilib.
Ordu.az xəbər verir ki, bu barədə Luiziana Milli Qvardiyasının açıqlamasında bildirilib.
Bölmənin yenidən adlandırılması noyabrın 7-də Yeni Orleandakı Cekson kazarmasında keçirilən mərasimdə elan olunub. Eskadrilya 159-cu Qırıcı Aviasiya qanadının tərkibində fəaliyyət göstərir. Milli Qvardiyanın məlumatına görə, bölmənin hərbi qulluqçuları tam əməliyyat qabiliyyətinə çatmaq üçün genişmiqyaslı texniki hazırlıq keçirlər.
159-cu Əməliyyatlar Qrupunun komandiri polkovnik Rayan Rivz bildirib ki, bölmənin kimliyi onun tarixindən qaynaqlanır. Onun sözlərinə görə, kiber əməliyyatlar istiqamətinə keçən hərbçilər yeni bacarıqlar əldə edib güclü komanda formalaşdırmaqla 122-ci eskadrilyanın irsini davam etdirirlər.
Bu dəyişiklik ABŞ Hərbi Hava Qüvvələrinin 2025-ci maliyyə ili büdcəsində etdiyi ixtisarlarla əlaqədardır. Həmin qərara əsasən, Milli Hava Qvardiyasına taktiki hava nəzarəti qrupları və idarəetmə-məlumatlandırma mərkəzlərinin missiyalarının yarısını dayandırmaq tapşırılıb.
ABŞ Hərbi Hava Qüvvələri ötən ilin dekabrında yeni bölmənin yaradılması üçün Cekson kazarmalarını seçərkən Luiziana Milli Qvardiyasının eskadrilya heyətini kiber fəaliyyətlərə yönəldəcəyini bildirmişdi.
122-ci eskadrilyanın tarixi 1991-ci il oktyabrın 1-dən başlayır. Onun hərbi qulluqçuları ABŞ ordusu, birgə, çoxmillətli və xüsusi təyinatlı qüvvələrlə birlikdə fəaliyyət göstərərək komandirlərə məsləhətlər verir, ölümcül və qeyri-ölümcül birgə atəş tapşırıqlarını planlaşdırır və istiqamətləndirirdilər.
Ölkə daxilində isə eskadrilya axtarış-xilasetmə əməliyyatları həyata keçirir, təbii fəlakətlər zamanı ştat rəhbərliyi üçün mobil rabitə əlaqəsini bərpa edirdi.
122-ci Hava Dəstəyi Əməliyyatları Eskadrilyasının vəzifəsini təhvil verən komandiri polkovnik-leytenant Kori Conson bildirib:
“Mən bu eskadrilyanı böyük etməmişəm. Sadəcə, artıq böyük olan insanların qarşısında dayanmaq şərəfinə nail olmuşam”.
Tam əməliyyat qabiliyyətinə çatdıqdan sonra bölmə zəif nöqtələri müəyyən etmək, təhdidləri aşkarlamaq və aradan qaldırmaq, eləcə də ABŞ Müharibə Nazirliyinin şəbəkələrini və prioritet missiyalarını qorumaq üçün müdafiə xarakterli kiber əməliyyatlar həyata keçirəcək.
Eskadrilya, həmçinin ştat və federal səviyyədə kiberhücumlara cavab tədbirlərinə dəstək verəcək, Luizianada kritik infrastrukturların qorunmasına kömək edəcək.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri son dövrlərdə kiber müdafiə imkanlarına böyük vəsait ayırır. Ötən ay xidmət qurumu kiber müdafiəçilərin şəbəkə məlumatlarını toplaması və təhlil etməsinə kömək etmək məqsədilə 332,8 milyon dollar dəyərində müqavilə imzalayıb. Bundan başqa, şəbəkələrin real vaxt rejimində izlənilməsi üçün süni zəka vasitələri də tətbiq olunur.
Sevinc Əliyeva Ordu.az