"1992-ci ildə yaradılan YAP qısa müddətdə ölkənin siyasi həyatında möhkəmlənib"


"1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hakimiyyət böhranı, xaos və idarəçilik səriştəsizliyi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən Ermənistanın hərbi təcavüzü və etnik separatçılıq meyilləri ölkəni uçuruma aparırdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan ziyalılarının 91 nəfər tanınmış nümayəndəsi ("91-lər") 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş etdilər".
Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu cəsarətli addımlar və 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə bu qərar qəbul edilməsə, Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsə idi, Azərbaycan qısa vaxtda dövlət müstəqilliyini itirə bilərdi. Belə bir vəziyyətin qarşısını yalnız Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və zəngin dövlətçilik təcrübəsi ala bilərdi:
"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdi. Onun özünün dediyi kimi: “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsinin ən güclü və mütəşəkkil siyasi təşkilatlarından birinə çevrildi.
Sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 2005-ci ildə keçirilən III qurultayda cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə YAP-ın fəaliyyətində müasir dövrün çağırışlarına uyğun islahatlar aparıldı. Partiyanın cəmiyyətdəki nüfuzu, sıralarındakı gənclərin və qadınların xüsusi çəkisi, eləcə də üzvlərinin sayı (hazırda 700 mindən çoxdur) daha da artdı.
Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunması həm də YAP-ın proqram məqsədlərinin ən ali təntənəsidir. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan milli həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.
Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının dövlətimizin siyasi həyatında özünəməxsus yeri var:
Partiya Azərbaycandakı digər siyasi partiyalarla sıx əməkdaşlıq edir və ölkədə sağlam siyasi dialoqun, milli birliyin möhkəmləndirilməsi partiyanın fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.
VII qurultayda qəbul edilən yeni Nizamnamə və Proqram partiyanın qarşısında müasir idarəetmə, gənclər siyasəti və postmüharibə dövrünün quruculuq hədəflərinə uyğun yeni vəzifələr qoymuşdur".
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
"1992-ci ildə yaradılan YAP qısa müddətdə ölkənin siyasi həyatında möhkəmlənib"