Əl-Xelaifi “rəqəmsal ordu” işi ilə bağlı dindirildi
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun “rəqəmsal ordusu” işi ilə bağlı dindirilib. Futbolinfo.az xəbər verir ki, qətərli funksioner sentyabr ayında klubun xeyrinə məxfi məlumatların sızdırılması ilə bağlı araşdırma çərçivəsində şahid qismində ifadə verib. İddialara əsasən, PSJ 2018-2020-ci illərdə “Digital Big Brother” (DBB) kommunikasiya agentliyi ilə əməkdaşlıq edib. Həmin agentlik X sosial şəbəkəsində saxta hesablar vasitəsilə PSJ-ni tənqid edən şəxslərin nüfuzdan salınmasında ittiham olunur. Araşdırma 2022-ci ilin sentyabrından aparılır. PSJ-nin keçmiş kommunikasiya direktoru Jan-Marsyal Rib, klubun azarkeşlərlə əlaqələr üzrə sabiq meneceri Malik Nayt-Liman və bir neçə polis əməkdaşına rəsmi ittiham irəli sürülüb. Nüfuzdan salınma kampaniyasının ehtimal olunan qurbanları arasında 2019-cu ilin aprelində Neymarın şillə vurduğu azarkeş də var. Əl-Xelaifi məhkəmə dinləməsi zamanı məsələyə münasibət bildirib: “Jan-Marsyal Rib PSJ-nin kommunikasiya direktoru idi. Onun vəzifəsi klubu qanuni yollarla qorumaq idi. Bütün detallara gəlincə, mən bu işdə iştirak etməmişəm. Büdcələri və müqavilələri mən təsdiqləmirəm, bu, mənim səlahiyyətimə aid deyil. PSJ nüfuzlu klub və beynəlxalq brenddir. Biz belə işlərlə məşğul olmuruq”.












