Mirzə Bayrampurun gecikən planları...


1-ci liqa təmsilçisi “Səbail” ətrafında xoşagəlməz mənzərə formalaşmağa başlayıb. Hazırda klubun hansı prinsiplər əsasında idarə olunduğu anlaşılmır. Təbii ki, ən önəmlisi addəyişmə məsələsidi. Guya “Səbail” adının noyabrın sonuna qədər “Quba”ya dəyişdirilməsi planlaşdırılırdı. Ancaq klub prezidenti Mirzə Bayrampurun müşaviri Emin Abbasovun “Football-plus.az”a açıqlamasından bəlli oldu ki, kollektivin istəklərinin tam yerinə yetməsi üçün aprelə qədər gözləmək lazım gələ bilər. Üstəlik, klubda hələ mətbuat xidməti üzrə məsul olan şəxs yoxdu. Əslində bu vəzifəyə idman jurnalisti Mehman Əşrəfovun təyin olunacağı gözlənilirdi. Lakin bugünlərdə tərəflərin razılıq əldə edə bilmədiyi üzə çıxdı. Klub rəhbəri Mirzə Bayrampurun 1-ci liqanın 6-cı turunda “Şahdağ Qusar”la oyundan sonra dəhlizdə hakimlərə hədə-qorxu gəldiyini də unutmamışıq.
Bəs “Səbail” tərəfindən verilən vədlər nə vaxt gerçəkləşəcək? Klubun nə vaxt peşəkar formada idarə olunduğuna şahidlik edəcəyik? Hadisələrin axarı bu yöndə ümidli olmaq üçün əsas vermir. Görünür, ötən mövsüm premyer-liqaya vəsiqə qazana bilməyən komandanı bu dəfə də həmin aqibət gözləyir. Axı Mirzə Bayrampur indidən mənfi imic formalaşdırıb. Hətta iddialara görə, klubun əməkdaşlıq etdiyi şirkətlər artıq “Səbail”lə bütün əlaqələrini dayandırıb. Başqa şirkətlər də bu komanda ilə işbirliyi etməkdə maraqlı deyil. Yəqin ki, paytaxt təmsilçisinin fəaliyyəti təkcə bizim yox, həm də həmin şəxslərin gözündə qaneedici səviyyədə deyil.
Hər halda, bu klubun inkişaf etmək niyyəti varsa, tezliklə “Bank Respublika Arena”nı Quba şəhər stadionuna, “Səbail”i “Quba”ya dəyişməli, qeyri-peşəkarlığı Bakınnın bir küncündə “dəfn edib”, şimala üz tutmalıdı.
KƏNAN BAHADIR

Report+3 mənbə