Aşıq Zülfiyyənin boşanma açıqlamasına sosioloqdan sərt etiraz: "Ailə qadının çiynində deyil"
Aşıq Zülfiyyə boşanmaların 99 faizində qız tərəfini günahkar sayıb. Sənətçi hesab edir ki, boşanmaların böyük hissəsində valideynlərin övladlarının ailə həyatına münasibəti mühüm rol oynayır. Onun sözlərinə görə, ata qızına ailəsini qorumağı tövsiyə etsə, bir çox problemin qarşısını almaq mümkün olar:“Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99 faiz boşanmalar. Oğlan tərəfi haqlıdır. Problem qız tərəfində olur. Ata qızına bir kəlmə desə ki, sənin yerin ailənin yanıdır, o qız ailəsinə sahib çıxar və hər şey gözəl olar. Oğlan evi həqiqətən də yerindən göyə haqlıdır, qız tərəfi isə yox”. Sənətçinin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosioloq Sadıq Rüstəmli Aşıq Zülfiyyənin fikirləri ilə razılaşmadığını bildirib: "Biz qadınlara ailəni qorumağı öyrətdiyimiz qədər kişilərə də ailə olmağı öyrətməliyik. Çünki ailə bir qadının dözümlülüyü ilə deyil, iki insanın qarşılıqlı məsuliyyəti ilə ayaqda qalır. Xüsusilə üç məqamı önə çıxarmaq lazımdır: - Boşanmaların 99 faizini qız tərəfinin davranışı ilə əlaqələndirmək elmi əsaslandırılmamış ümumiləşdirmədir. - Ailənin qorunması məsuliyyətini əsasən qadının üzərinə qoymaq gender stereotiplərinin təkrar istehsalıdır. - Ailəni qorumaqla, hər hansı şəraitdə nikahı davam etdirməyi eyniləşdirmək olmaz. Ailənin qorunması zorakılığa, təhqirə və psixoloji təzyiqə dözmək demək deyil. Ailə institutunu qorumaq qadının deyil, hər iki tərəfin məsuliyyətidir”. Sadıq Rüstəmli əlavə edib ki, Aşıq Zülfiyyə İbadovanın boşanmalarla bağlı səsləndirdiyi fikirlər cəmiyyətimizdə ailə münasibətlərinə yanaşmanın yenidən müzakirəsi baxımından müəyyən aktuallıq daşıyır: “Lakin burada bir məsələni aydınlaşdırmaq lazımdır: ailənin qorunması ilə bağlı ictimai çağırışlar elmi əsaslara, sosial reallıqlara və gender bərabərliyi prinsipinə söykənməlidir. İlk növbədə, boşanmaların 99 faizinin qız tərəfinin, yaxud qadınların mövqeyindən qaynaqlandığını iddia etmək nə sosioloji, nə də statistik baxımdan əsaslandırılmış yanaşmadır. B












