Zelenski: Ukrayna müharibəsi üç dünya liderinin bir görüşü ilə başa çata bilər


Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinə təsir göstərərək Ukrayna müharibəsinin dayandırılmasına nail ola biləcəklərini bildirib.
Anadolu Agentliyinin məlumatına görə, Zelenski bu fikirləri NBC News telekanalına verdiyi müsahibədə, üç ölkə liderinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli görüşündən əvvəl səsləndirib.
Ukrayna liderinin sözlərinə görə, ABŞ və Çin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və ya belə addımlar atacaqları barədə xəbərdarlıq etməklə Moskvanın mövqeyinə ciddi təsir göstərə bilərlər. Zelenski hesab edir ki, hər iki ölkə bu istiqamətdə razılaşdırılmış addımlar atarsa, müharibənin dayandırılması mümkün olar.
O, Tramp, Putin və Si Cinpinlə eyni masada olacağı təqdirdə onlara nə deyəcəyi ilə bağlı suala cavabında bildirib ki, bu liderlərin Putini dayandırmaq üçün kifayət qədər siyasi gücü var.
Zelenski, həmçinin Ukraynanın gələcəyi ilə bağlı heç bir qərarın ölkənin iştirakı olmadan qəbul edilməməli olduğunu vurğulayıb. Onun fikrincə, Ukraynanın məsələləri Ukraynanın, Avropanın problemləri isə Avropanın iştirakı ilə müzakirə olunmalıdır.
1 mənbə
