Dünyanın üç nəhəngi bir masa arxasında: Şençjen görüşü qlobal siyasətdə nəyi dəyişəcək? – ŞƏRH


Siyasət
19 Noyabr 2026, 15:23
140 baxış
“Bu görüşün Yalta anlaşmasından fərqi odur ki, bu dəfə fərqli cəbhələrdə döyüşən dünya liderləri bir araya gələcəklər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
E. Mirbəşiroğlu Çin, ABŞ, Rusiya liderlərinin gözlənilən görüşü haqqında danışıb.
Politoloq qeyd edib ki, bu görüşü əsasən “Yalta 1.0” görüşünə bənzədirlər:
“Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının 33-cü zirvə toplantısı çərçivəsində Rusiya, Çin və ABŞ prezidentlərinin baş tutan görüşü dünyanın diqqət mərkəzindədir. Həqiqətən də, hazırkı reallıqlar çərçivəsində belə görüşü tarixi hesab etmək olar. Hər üç dövlət olduqca ciddi siyasi, iqtisadi və hərbi-strateji potensiala malikdir. Bu gün dünyanın siyasi və iqtisadi reallıqlarının formalaşmasında bu ölkələrin mövqeləri həlledici rol oynayır. Bu baxımdan, ABŞ, Rusiya və Çin arasındakı münasibətlərin xarakteri birbaşa dünyanın təhlükəsizlik və siyasi sabitlik vəziyyətinə təsir edir. Hətta Qərb mətbuatı Şençjen görüşünü 1945-ci il Yalta konfransı ilə müqayisə edir və iddia olunur ki, bu görüş çərçivəsində dünyanın yenidən bölgüsü müzakirə olunacaq. Lakin hesab edirəm ki, belə analogiya yanlışdır”.
Politoloq qeyd edib ki, budəfəki görüşün tərəfləri və müzakirə ediləcək məsələləri fərqlidir:
“Birincisi, tamam fərqli tarixi şərait və şərtlər mövcuddur. Yalta konfransında eyni cəbhədə olan qalib dövlətlərin liderlərinin görüşü baş tutmuşdur. İndiki vəziyyətdə isə əks qütblərdə dayanan və aralarında kifayət qədər ziddiyyətlərin olduğu üç ölkənin liderləri görüşür. Və hesab edirəm ki, dünyanın bölgüsü deyil, digər olduqca vacib məsələlər ətrafında müzakirə aparıla bilər. Bu görüş hər üç ölkə üçün vacib tarixi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti D. Tramp nümayiş etdirmək istəyir ki, o, ABŞ-nin ciddi rəqibləri ilə dialoq qura bilir. O, bu dialoq imkanlarını ABŞ-nin müxtəlif xarakterli maraqlarının qorunması baxımından əhəmiyyətli hesab edir. Rusiya Prezidenti V. Putin üçün ölkəsinin və özünün təcrid vəziyyətində olmadığını dünyaya nümayiş etdirmək vacibdir. “Bloomberg” agentliyi də hesab edir ki, V. Putin təcrid vəziyyətində olmadığını nümayiş etdirir və Şençjenə səfəri də bunu bir daha təsdiq edir. Çin lideri ölkəsinin əsas platformaya çevrildiyini inamla nümayiş etdirir və hər hansı bir ciddi məsələ ilə bağlı mövqelərin uzlaşdırılması belə Çinin aktivinə yazılmış olacaq. Bu görüş dünyada əsas üç gücün olduğuna işarədir və bu dövlətlərdən birinin mövqeyi olmadan ciddi qlobal qərarların qəbul olunmayacağına dair aydın bir mesajdır. Yəni sadəcə görüşün özü Rusiya, ABŞ və Çin liderləri arasında razılaşdırılmış təsirli qlobal bir mesajdır. Bu görüş çərçivəsində hansısa ciddi bir qərarın qəbul olunub-olunmayacağı başqa məsələdir. Bu baxımdan, dünyanın bu üç nəhənginin liderlərinin konfrontasiya vəziyyətində deyil, bir masa arxasında olması əslində beynəlxalq təhlükəsizlik və siyasi sabitlik üçün çox əhəmiyyətlidir. Çünki Rusiyanın, ABŞ-nin və Çinin konfrontasiya vəziyyətində olmaları daim özündə ciddi münaqişə potensialını daşıyır ki, bu da bildiyimiz kimi, dünya üçün bir çox hallarda təhlükəli nəticələr vəd edir. Bununla yanaşı, hazırkı mərhələdə bir sıra məsələnin həlli ilə bağlı mövqelərin uzlaşdırılması cəhdləri edilərsə, bu, öz-özlüyündə kifayət qədər müsbət addım kimi qiymətləndirilməlidir. Bu məsələlər nüvə silahı, İran, Ukrayna, dünya iqtisadiyyatı kimi məsələlərdir. Nüvə silahının genişləndirilməsi məsələsinin nəzarətdə saxlanılması ilə bağlı ortaq istəyin nümayiş etdirilməsi belə mühüm addım kimi nəzərdən keçirilməlidir. Bu görüş həm də onu nümayiş etdirir ki, müasir beynəlxalq münasibətlər sistemi çoxqütblü dünya nizamı kimi səciyyələndirilə bilər. Çünki artıq ikidən artıq dövlətin mövqeyi təyinedicidir. Təkcə ABŞ və Rusiya deyil, həm də Çin beynəlxalq geosiyasi və hərbi-strateji məsələlərdə təsirli söz sahibidir. Təbii ki, BRİKS, ŞƏT kimi ciddi platformalar çərçivəsində çoxqütblü dünyanın əlamətləri daha da güclənir. Bu fonda ABŞ-Rusiya-Çin üçtərəfli görüşünün baş tutması artıq əvvəlki illərdən tamam fərqli geosiyasi konfiqurasiyanın formalaşması prosesinə işarədir. Yekun olaraq vurğulamaq istəyirəm ki, bu görüş “Yalta 2” deyil. Daha ciddi konfrontasiyaların qarşısının alınması və bir sıra məsələlərin daha çevik həll olunması üçün müsbət hadisə kimi tarixə düşə bilər”.
Nurlan Cəfəri
