Zelenski Trampın nümayəndələrindən Putin və Si Cinpinlə danışıqlar barədə məlumat gözləyir


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentinin nümayəndələrindən Donald Trampın Rusiya və Çin liderləri ilə apardığı danışıqların məzmunu barədə məlumat almağı gözləyir.
Ordu.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 18-də, çərşənbə günü axşam videomüraciətində ABŞ prezidentinin nümayəndələrindən Donald Trampın Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə danışıqları barədə məlumat gözlədiyini bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ tərəfi lazımi məlumatları Berlində keçiriləcək görüşlər zamanı təqdim edəcəyinə söz verib.
Noyabrın 19-da, cümə axşamı Berlində “Könüllülər koalisiyası” ölkələrinin görüşü keçiriləcək. Medianın məlumatına görə, tədbirdə Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff da iştirak edə bilərlər.
Zelenski amerikalı nümayəndələrlə görüşün baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, o, həmin nümayəndələr və Avropa liderləri ilə Rusiya ilə danışıqlarda atılacaq növbəti addımları müzakirə etmək niyyətindədir.
“ABŞ prezidentinin nümayəndələri ilə görüşməyi gözləyirik və Avropa liderləri ilə ruslarla danışıqlarda növbəti addımlarımızı müzakirə edəcəyik. Ukrayna sülhə nail olmaq istəyini açıq şəkildə bəyan edir, biz hər zaman konstruktiv şəkildə işləyirik”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, amerikalı nümayəndələr Trampın danışıqları, o cümlədən Çində apardığı danışıqlar barədə Ukrayna tərəfinə məlumat verməyə söz veriblər.
“Biz Çindən, digər ölkələrdən və tərəfdaşlarımız olan başqa liderlərdən də məlumat alacağıq. Avropalılarla birlikdə aydın ümumi mövqeyimiz var, Ukrayna ilə bağlı məsələlər Ukraynanın iştirakı ilə, Avropa ilə bağlı məsələlər isə Avropanın iştirakı ilə həll edilməlidir. Yalnız bu cür yanaşma qəbul edilə bilər”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Trampın Çinin Şençjen şəhərində olduğu müddətdə Si Cinpin və Vladimir Putinlə üçtərəfli görüş keçirəcəyi gözlənilir. ABŞ prezidenti daha əvvəl Rusiya və Çin liderləri ilə danışıqlarının nüvə silahlarından imtina da daxil olmaqla, geniş spektrli məsələləri əhatə edəcəyini bildirmişdi.
Sevinc Əliyeva Ordu.az
1 mənbə