Bolqarıstanda 5 illik kiber casusluq: 62 milyon səhifəlik sənəd oğurlandı


Ana səhifə
Dünya
19 noyabr 2026, 14:38
Bolqarıstanda 2021-ci ildən bəri dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumlar nəticəsində 130 giqabaytdan çox məlumat ələ keçirilib. Bu, 62 milyon səhifədən artıq rəsmi sənəd deməkdir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin innovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilev mətbuata açıqlamasında tarixin ən uzunmüddətli kiber-casusluq hücumlarından birinin qarşısının alındığını bildirib.
Nazirin sözlərinə görə, beynəlxalq haker qrupları dövlət qurumlarının sənəd mübadiləsi sistemlərinə gizlicə sızıblar. Köhnə təhlükəsizlik sistemləri bir-biri ilə əlaqəli işləmədiyi üçün bu hücumları uzun müddət müəyyən etmək mümkün olmayıb. Zərərli fəaliyyətlər yalnız yeni milli kibertəhlükəsizlik sisteminin tətbiqindən sonra üzə çıxıb.
İvan Vasilev qeyd edib ki, hakerlərin istifadə etdiyi şəbəkəyə giriş artıq tamamilə kəsilib. Dövlət sistemləri zərərli proqramlardan təmizlənib. Hazırda vətəndaşların fərdi məlumatlarının oğurlandığını göstərən heç bir dəlil yoxdur.
Hücumların hansı ölkələrdən təşkil edildiyi barədə hələlik rəsmi məlumat verilmir.
Şəbnəm Mehdizadə
1 mənbə