Zelenski Odessada dəhşətli hücumdan danışdı: Rusiya dronları xilasediciləri də hədəfə aldı –ölənlər var


17 18.11.2026 16:47 Dünya A A
Ukraynanın Odessa şəhərində Rusiya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ölən və yaralananlar var. Hücumun ən təhlükəli məqamı isə xilasedicilər və polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra təkrar zərbələrin endirilməsi olub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, hazırda Odessada Rusiya dronlarının hücumu nəticəsində zərər çəkən insanlara yardım göstərilir. O bildirib ki, ilkin hücumdan sonra hadisə yerinə xilasedicilər və polis əməkdaşları gəlsə də, bundan sonra əraziyə yenidən zərbələr endirilib.
Ukrayna Prezidenti qeyd edib ki, “Şahed” tipli pilotsuz uçuş aparatları Odessanın birbaşa mərkəzini, xüsusilə yaşayış məhəllələrini hədəfə alıb.
"İkinci zərbələr xilasedicilər və polis əməkdaşları artıq hadisə yerinə çatdıqdan sonra endirilib. Təəssüf ki, ölənlər var. Hazırda ərazidə hücumun nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Bütün yaralılara lazımi tibbi yardım göstərilir",-deyə Zelenski bildirib.
Hadisə yerində xilasetmə və digər təxirəsalınmaz tədbirlərin davam etdiyi bildirilir. Hücum nəticəsində ölən və yaralananların dəqiq sayı, həmçinin yaşayış binalarına dəymiş ziyanın miqyası barədə əlavə məlumat açıqlanmayıb.
Musavat.com
