Biri “Neftçi”də, biri “Araz”da - Adaşların mübarizəsində qisas anı


Həftəsonu keçiriləcək oyunlarla Premyer Liqada ikinci dövrəyə start veriləcək.
Çempionatın lideri “Neftçi” Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olacaq.
Bu qarşılaşma bir neçə maraqlı məqamla diqqət çəkir. Onlardan biri komandaların ilk dövrədəki görüşü və həmin matçda qeydə alınan nəticədir.
Xatırlayırsınızsa, avqustun 23-də “ağ-qaralar” Naxçıvan təmsilçisini darmadağın etmiş, rəqib qapısından 5 cavabsız top keçirmişdi.
Lakin həmin vaxt “Araz-Naxçıvan”ın sükanı arxasında Yuri Maksimov yox, Cavid Hüseynov dayanırdı. Bu baxımdan qarşıdakı görüş Naxçıvan təmsilçisi üçün müəyyən mənada revanş xarakteri daşıyacaq.
Maksimov demişkən, qarşılaşma ukraynalı baş məşqçilərin dueli ilə də yadda qalacaq. Adaşlar – Yuri Maksimov və Yuri Vernidub Azərbaycanda ilk dəfə üz-üzə gələcəklər.
Ukraynada futbolçu və məşqçi kimi rəqib qismində dəfələrlə göz-gözə dayanmış çalışdırıcıların yolları bu dəfə ölkəmizdə kəsişəcək. Təxminən eyni futbol nəslinin nümayəndələri olan mütəxəssislərin duelindən kimin qalib ayrılacağı maraq doğurur.
Turnir cədvəlinə nəzər salsaq, “Neftçi” 24 xalla liderdir. Geridə qalan 11 turda qələbə qazana bilməyən yeganə komanda olan “Araz-Naxçıvan” isə sonuncu pillədə qərarlaşıb. Təbii ki, bu göstəricilər paytaxt təmsilçisini qarşılaşmanın favoriti kimi önə çıxarır.
Bununla belə, Naxçıvan komandasının son oyunlardakı irəliləyişini də nəzərə almaq lazımdır. “Araz-Naxçıvan” son iki matçını heç-heçə ilə başa vurub.
Həm “Zirə”, həm də “Şəfa” ilə qarşılaşmalarda 2:2 hesabı qeydə alınıb. Bu nəticələr komandanın hücumdakı məhsuldarlığının artdığını göstərir.
Qarşılaşmanın Şamaxı şəhər stadionunun süni örtüklü meydanında keçirilməsi “Neftçi”nin işini müəyyən qədər çətinləşdirə bilər.
10-cu turda baş tutan “Şamaxı” – “Neftçi” görüşündə qonaqlar ciddi çətinliklə üzləşmişdilər. Flaqman iki dəfə hesabda önə keçsə də, meydan sahibləri hər iki halda bərabərlik qolunu vurmağı bacarmışdı. Matçın sonlarına yaxın qonaqlar qələbə topunu vuraraq3xalı aktivinə yazdırmışdı.
Bu səbəbdən qarşıdakı görüşdə də süni örtük amilinin “ağ-qaralar”a müəyyən problem yaradacağı istisna deyil.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşması noyabrın 22-də keçiriləcək və saat 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ