Yəməndə genişmiqyaslı hərbi əməliyyat – Ölənlər var


Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ilə husilər arasında hərbi qarşıdurma yenidən şiddətlənib. Ölkənin müxtəlif bölgələrində həyata keçirilən hava hücumları nəticəsində azı 17 nəfərin öldüyü bildirilir.
Xitab24.az Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, koalisiya qüvvələri paytaxt Səna və daha üç vilayətdə husilərin raket anbarlarını və pilotsuz uçuş aparatlarının istehsalı obyektlərini hədəfə alıb.
Husi rəsmilərinin məlumatına görə, ölənlərdən 15-i Hudeydə şəhərindəki süngər istehsalı müəssisəsinə endirilən zərbə nəticəsində həyatını itirib.
Hücumlara cavab olaraq husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raketlər buraxıblar. Səudiyyə hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib.
Qarşıdurmanın genişlənməsi regionda təhlükəsizlik vəziyyətinin daha da ağırlaşması ilə bağlı narahatlıqları artırıb.
