Yayılan təkzib etdi: “Məqsədin nə olduğunu bilmirəm”


Mövsümə uğurlu başlayan “Kəpəz”də maliyyə sıxıntısının olduğu deyilir.
Yayılan xəbərlərə görə, rəhbərlik klub və komanda üzvlərinin maaş-mükafatlarını verməkdə çətinlik çəkir.
Hətta borcların qarşılanması üçün Azərbaycan Beynəlxalq Bankına müraciət olunması ilə bağlı məlumat var.
Sözsüz, vəziyyətin bu cür olması “Kəpəz”in qarşıdakı oyunlarının uğurlu alınmasında ortaya müəyyən çətinliklər çıxara bilər.
Bir fakt da var ki, adamı xəbərə inanmağa məcbur edir.
Xatırlayırsınızsa, “Şəfa” üzərində qazanılan 2:1 hesablı əzmkar qələbədən sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədov qazanılan qələbələrə görə təyin olunan mükafatların klub büdcəsinə təsirini gizlətməmişdi:
“Rəhbərlik çempionatdakı qələbələr üçün müəyyən mükafat büdcəsi ayırmışdı. Etiraf etməliyəm ki, həmin büdcə 8-ci tura kimi bu qədər çox qələbə üçün nəzərdə tutulmamışdı. Oyunçularım öz zəhməti ilə mükafatları qazandılar.
Bəli, bu qələbələr ayrılan plana müəyyən təsir edir, amma rəhbərliyimiz də sağ olsun, uşaqların əziyyətini qiymətləndirmək üçün əlindən gələni edir”.
Baş məşqçinin dediklərindən sonra ümumi mənzərəni göz önünə gətirsək, klubda maliyyə sıxıntısının olması kifayət qədər inandırıcı görünür.
Lakin doğrusunu komandanın içində olanlar daha yaxşı deyə bilər.
Elə bu məqsədlə Gəncə təmsilçisinin əsas futbolçularından sayılan Benito ilə əlaqə saxladıq.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi xəbəri təkzib etdi:
“Bəzən mətbuatda həqiqətə uyğun olmayan xəbərlər dərc olunur. Belə məlumatların yayılmasında məqsədin nə olduğunu bilmirəm.
Komandanın daxilində olan biri kimi deyə bilərəm ki, “Kəpəz”də maliyyə problemi yoxdur. Maaş və mükafatlarımızı vaxtında alırıq”.
“Kəpəz” Premyer Liqanın 12-ci turunda “Qarabağ”la qarşılaşacaq.
Noyabrın 22-də Gəncə şəhər stadionunda gerçəkləşəcək duel saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ