"Xoşbəxtlik bizdən üz döndərib"

II Liqanın 11-ci turunda "Şəmkir" "Dinamo"ya 1:2 hesabı ilə məğlub oldu.
1Sport.az-a açıqlama verən "Şəmkir"in baş məşqçisi Fərid Məmmədov məğlubiyyəti şərh etdi:
"Komandamızda aparıcı oyunçuların olmaması neçə turdur ki, bizə təsir edir. Asif Məmmədov hərbi xidmətə yollanıb, 10 nömrəmiz Haqverdi ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Üstəlik, əsas qapıçımız Elçin və Fuad Məmmədzadənin qırmızı vərəqə alması ilə dörd vacib futbolçudan məhrum olmuşuq. Bu da komandanın 50 faizinin meydanda olmaması deməkdir. Onların yerini doldurmaq üçün digər oyunçulara adaptasiya vaxtı lazımdır. Buna baxmayaraq, heç kim bizi rahatlıqla 2-3 top fərqi ilə məğlub edə bilmir. Sadəcə, iki turdur ki, əlavə olunmuş dəqiqələrdə qol buraxırıq. Həm "Zəngəzur"la, həm də "Dinamo" ilə görüşdə belə oldu. Halbuki "Dinamo"ya qarşı oyunda dominant tərəf biz idik, topa daha çox sahib olur və matça nəzarət edirdik. Yenə də xoşbəxtlik bizdən üz döndərdi. Futbolda yaxşı və pis günlər olur. Cavanlara daha çox üstünlük veririk və komandamıza inanırıq. Həm yaxşı, həm də pis gündə yanımızda olan, məğlubiyyətlərə səbrlə yanaşan rəhbərliyimizə təşəkkür edirəm. Qarşıdakı turlarda daha yaxşı "Şəmkir" görəcəksiniz".
Mütəxəssis növbəti turda "Ağdaş"a qarşı keçirəcəkləri oyun barədə də danışdı:
"Onlar üçün çətin olacaq. Artıq neçə turdur xal itiririk. Bu matça maksimum köklənmişik. Yenə də dominant futbol sərgiləyib görüşü qələbə ilə başa vurmağı hədəfləyirik".
1 mənbə
