Xəzərin xilası-

2 dəq oxu
Xəbər
19-11-2026 14:25
ŞƏRH
A+ Yazını böyüt
A- Yazını kiçilt
Xəzər dənizinin səviyyəsinin azalması son illər regionun qarşılaşdığı ən ciddi ekoloji problemlərdən birinə çevrilib. Bu prosesdə iqlim dəyişiklikləri ilə yanaşı, insan fəaliyyətinin təsiri də xüsusi diqqət çəkir.
Çay sularının suvarmaya yönəldilməsi, su ehtiyatlarından səmərəsiz istifadə, sənaye tullantıları və sahilyanı ərazilərdə antropogen təzyiqlər Xəzərin ekoloji vəziyyətinə təsir göstərən amillərdəndir. Bəs insan fəaliyyəti Xəzərin dayazlaşmasını hansı miqyasda sürətləndirir və bu təsirləri azaltmaq üçün hansı addımlar atılmalıdır?
“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin İdarə Heyətinin üzvü, ekoloq Pərvanə Xıdırova İTV-nin “Sabaha saxlamayaq” verilişində Xəzər dənizinin səviyyəsinin azalmasında insan amilinin rolundan, sahilyanı ərazilərin qorunmasından və problemin həlli yollarından danışıb.
Ekoloqun sözlərinə görə, hazırda Xəzərin dayazlaşmasına təsir göstərən amillər arasında insan fəaliyyəti də mühüm yer tutur: “Transsərhəd su ehtiyatlarından istifadə, çay sularının istiqamətləndirilməsi, sənaye və kənd təsərrüfatında su istehlakı, eləcə də nəqliyyat və tranzit fəaliyyətinin yaratdığı ekoloji təzyiqlər kompleks şəkildə qiymətləndirilməlidir.
Xəzərin səviyyəsindəki dəyişikliklər müxtəlif sahələrdə, o cümlədən tranzit daşımaları istiqamətində yeni yanaşmaların tətbiqini zəruri edir.
Lakin bu zaman yalnız iqtisadi və nəqliyyat maraqları deyil, dənizin ekoloji tarazlığı da nəzərə alınmalıdır. Xəzərin dərinliklərinə doğru yeni nəqliyyat marşrutlarının yaradılması kimi təkliflər reallaşdırılarkən balıq ehtiyatlarına, “Qırmızı Kitab”a daxil edilmiş növlərə və digər canlı orqanizmlərə mümkün təsirlər əvvəlcədən araşdırılmalıdır.
Bir problemin həlli digər ekoloji problemlərin yaranmasına səbəb olmamalıdır. Buna görə də Xəzərin qorunması istiqamətində bütün qərarlar kompleks elmi və ekoloji qiymətləndirmələr əsasında qəbul edilməlidir”.
Pərvanə Xıdırovanın sözlərinə görə, sahilyanı ərazilərin idarə olunması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi, ərazi sərhədlərinin dəqiq rəqəmsallaşdırılması, davamlı monitorinqin təşkili, qanunvericiliyin tətbiqi və torpaqayırma prosedurlarının şəffaflığı xüsusi əhəmiyyət daşıyır. O, bu prosesdə ictimai nəzarətin gücləndirilməsini də vacib hesab edir:
“Vətəndaşların Xəzərin qorunmasında roluna toxunan ekoloq bildirib ki, ilk növbədə sahilyanı ərazilərdə yaşayan insanlar ətraf mühitə qarşı daha məsuliyyətli davranmalıdırlar. Xüsusilə çayların və su hövzələrinin çirkləndirilməməsi, məişət və digər tullantıların suya atılmaması vacibdir. Çayların ekoloji vəziyyətinin qorunması da Xəzərin sağlamlığı baxımından diqqətdə saxlanılmalıdır.
Mənbə
1 mənbə



