Xəzər sahillərində 3 227 qanunsuz tikili müəyyən edilib


Xəzər dənizinin sahilboyu ərazilərində qanunsuz tikintilər və antropogen təsirlər ciddi problemlər yaradır.
Plat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və sahil xəttinin geri çəkilməsi yeni problemlər meydana çıxarır. Bununla yanaşı, sahilyanı ərazilərdə insan fəaliyyəti və qanunsuz müdaxilələr də vəziyyəti mürəkkəbləşdirir:
"Dövlət qurumları bu cür halların qarşısının alınması istiqamətində tədbirlər görsələr də, bəzi proseslərin qarşısını mövcud qanunvericilik çərçivəsində almaq çətinlik yaradır. Bu səbəbdən sahilboyu ərazilərin idarə edilməsində institusional və hüquqi mexanizmlərin yenilənməsinə ehtiyac var.
Xəzərin sahilyanı əraziləri yalnız su və quru sahələri deyil, həm də mühüm iqtisadi resurs hesab olunur. Bu ərazilərdən səmərəli istifadə, sahibkarlığın inkişafı, dövlət gəlirlərinin artırılması və vətəndaşların istirahət hüquqlarının qorunması arasında tarazlıq yaradılmalıdır".
İlqar Həbiyev bildirib ki, aparılan araşdırmalar zamanı Xəzər dənizinin sahilboyu ərazilərində 3 227 qanunsuz tikili aşkarlanıb. Həmin tikililərin ümumi tikilialtı sahəsi isə 58,9 hektara bərabərdir.
Dərc vaxtına görə
