Xərçəng xəstələrinə illərlə lazımsız kimyaterapiya verilibmiş - Britaniyada


Böyük Britaniyada xəstəxanalardan birində beyin şişi diaqnozu qoyulan xəstələrə illərlə əsassız kimyaterapiya tətbiq edildiyi, bəzi hallarda isə yanlış diaqnoz səbəbindən insanların ağır müalicəyə məruz qaldığı üzə çıxıb.
Xitab24.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Həkimlər Kollecinin (RCP) araşdırmasında bildirilib.
Araşdırma Koventri və Uorvikşir Universitet Xəstəxanaları NHS Fondunun nəzdində fəaliyyət göstərən tibb müəssisəsində aparılıb. Müəyyən edilib ki, beyin şişi olan xəstələrə temozolomid (TMZ) adlı kimyaterapiya preparatı tibbi göstərişlərə uyğun olmayan şəkildə, uzun illər ərzində təyin edilib.
RCP 20 xəstənin tibbi tarixçəsini araşdırıb. Onlardan 15-nə göstərilən tibbi yardım ümumilikdə qeyri-qənaətbəxş qiymətləndirilib, beş xəstənin müalicəsində isə təkmilləşdirməyə ehtiyac olduğu bildirilib. Heç bir iş yaxşı tibbi təcrübə kimi qiymətləndirilməyib.
Araşdırmada altı xəstənin ağır, beşinin orta dərəcəli, səkkizinin isə yüngül zərər gördüyü qənaətinə gəlinib.
Ən ağır hallardan birində xəstəyə 13 il ərzində 100-dən çox kimyaterapiya kursu tətbiq edilib. Sonradan onun ilkin diaqnozunun yanlış olduğu müəyyənləşib. Xəstədə daha sonra kəskin mieloid leykoz – ağır qan xərçəngi inkişaf edib.
Digər bir qadın isə 21 yaşında olarkən ona aqressiv beyin xərçəngi diaqnozu qoyulduğunu və cəmi bir neçə ay ömrünün qaldığını öyrənib. O, 11 il ərzində kimyaterapiya qəbul edib. Sonradan müstəqil mütəxəssislər qadının əslində beyin xərçəngindən deyil, müalicəsi mümkün olan iltihabi xəstəlikdən əziyyət çəkdiyini müəyyənləşdiriblər.
Hesabatda xəstələrin müalicənin riskləri barədə lazımi qaydada məlumatlandırılmaması, dərmanların uzun müddət təyin edilməsinə nəzarətin zəifliyi və həkimlərin qərarlarının vaxtında sorğulanmaması ciddi nöqsanlar kimi göstərilib.
Araşdırma nəticəsində xəstəxanada pasiyentlərin etimadının ciddi şəkildə pozulduğu vurğulanıb. Hazırda 40-dan çox xəstə məsələ ilə bağlı hüquqi mübarizə aparır.
Hesabatda sağ olan və 12-dən çox aylıq temozolomid müalicəsi almış bütün xəstələrin müstəqil şəkildə yenidən qiymətləndirilməsi tövsiyə olunub.
Qeyd edək ki, söhbət kimyaterapiyanın ümumilikdə səmərəsiz olmasından deyil, konkret xəstəxanada dərmanın tibbi göstərişlərə zidd və əsassız şəkildə uzun müddət tətbiq edilməsindən gedir.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Xərçəng xəstələrinə illərlə lazımsız kimyaterapiya verilibmiş - Britaniyada