WSJ: ABŞ-də “Patriot” zenit raketlərinin istehsalı üçün karbonlaşdırılmış viskoza çatışmazlığı yaranıb


ABŞ-də “Patriot” zenit raketlərinin istehsal həcmini artırmaq üçün Pentaqon karbonlaşdırılmış viskoza tədarükünü genişləndirməyə çalışır, lakin təchizat zəncirindəki məhdudiyyətlər buna mane olur.
Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
“Patriot” zenit raketlərinin istehsal həcmini artırmaq üçün Pentaqona karbonlaşdırılmış viskoza tədarükünü genişləndirmək lazımdır.
Mənbələrin məlumatına görə, bu ilin əvvəlində Pentaqonun yüksək vəzifəli rəsmisi təchizat zəncirində yer alan viskoza istehsalçılarından biri ilə təcili danışıqlar aparıb. Söhbət məhz karbonlaşdırılmış viskozanın tədarükünün artırılmasından gedirdi. Çünki bu material minlərlə dərəcəyə çatan temperatura davam gətirir və “Patriot” raketlərinin ən yeni variantlarının istehsalı üçün həyati əhəmiyyət daşıyır.
Material “Park Aerospace” şirkətinin Kanzas ştatında yerləşən zavodunda emal olunur. “Patriot” raketlərinin ehtiyatları sürətlə azaldığı üçün Pentaqon nümayəndəsi raket istehsalını genişləndirmək məqsədilə şirkətdən viskoza tədarükünü artırmağı tələb edib. Lakin məlum olub ki, şirkət bunu edə bilmir.
Problem Kanzasdakı zavodda deyil, Fransada fəaliyyət göstərən təchizatçı şirkətdə olub. “Park Aerospace” şirkətinin təchizatçısı olan, kosmik və ballistik raketlər istehsal edən “ArianeGroup” şirkəti karbonlaşdırılmış viskozanı Fransada hazırlayır, daha sonra material sonrakı emal üçün ABŞ-yə göndərilir.
Qəzetin yazdığına görə, “ArianeGroup” dərhal tədarük imkanlarının məhdud olduğunu bildirib.
Pentaqon güc mövqeyindən çıxış etməyə və istədiyinə nail olmağa alışsa da, “Park Aerospace” şirkətinin baş direktoru Brayan Şor “ArianeGroup”la münasibətdə bu yanaşmanın nəticə verməyəcəyinə əmin olub.
“Bu, Fransa şirkətidir. Onlara təzyiq göstərmək mümkün deyil, onlar sadəcə əməkdaşlığı dayandıracaqlar”, - deyə Şor müsahibəsində bildirib.
Mənbələr vurğulayırlar ki, “Patriot” raketləri üçün kifayət qədər viskoza əldə etməkdə yaranan çətinliklər ABŞ-nin mühüm sursatların istehsalını sürətlə genişləndirərkən hansı problemlərlə üzləşdiyini göstərir.
Təchizat zəncirlərindəki zəif həlqələr səbəbindən hətta bir və ya iki komponentin çatışmazlığı bütün istehsal prosesini iflic edə bilər. Bir çox hallarda həmin komponentlər mürəkkəb şirkətlər şəbəkəsi vasitəsilə xaricdən ABŞ-yə gətirilir. ABŞ-də istehsal olunan alternativlər isə ya mövcud deyil, ya da çox məhdud miqdardadır.
Sevinc Əliyeva Ordu.az
Report+2 mənbə