Vyetnam 30 millimetrlik topla təchiz edilmiş yeni XTC-03 zirehli transportyorunun silahlarını sınaqdan keçirib


XTC-03 zirehli transportyorunun 30 millimetrlik topu, 7,62 millimetrlik pulemyotu, tüstü qumbaraatanları və atəşə nəzarət sistemləri canlı atış sınaqlarından keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Vyetnamın rəsmi müdafiə sənayesi onlayn jurnalı “Tạp chí Quốc phòng” məlumat yayıb.
Vyetnam yeni XTC-03 zirehli transportyorunun silah sistemlərinin canlı atış sınaqlarını həyata keçirib.
Sınaqların məqsədi XTC-03-ün silah sistemlərinin taktiki və texniki göstəricilərini qiymətləndirmək olub. Proqram çərçivəsində 30 millimetrlik top, 7,62 millimetrlik pulemyot, tüstü qumbaraatanları, tuşlayıcının nişangahı və elektro-optik atəşə nəzarət sistemi yoxlanılıb.
Atış poliqonunda Z111 zavodu müvafiq qurum və bölmələrlə əməkdaşlıq çərçivəsində 1000 metrədək məsafədə yerləşən sabit yerüstü hədəflərə qarşı gecə və gündüz canlı atışlar həyata keçirib. Sınaqlar zamanı, həmçinin gündüz saatlarında hava hədəflərinə və hərəkətdə olan yerüstü hədəflərə qarşı atəşin dəqiqliyi qiymətləndirilib.
Rəsmi nümayəndələrin sözlərinə görə, bütün sınaqların nəticələri müəyyən edilmiş taktiki və texniki tələblərə, eləcə də təsdiq olunmuş sınaq proqramına uyğun olub.
Müdafiə Sənayesi Baş İdarəsi Z111 zavoduna XTC-03 piyada döyüş maşınının yığılması və hazırlanmasının tamamlanması tapşırığını verib.
Nəqliyyat vasitəsi daha əvvəl silahsız sınaqlardan keçirilib. Həmin sınaqlar zamanı onun hidravlik və pnevmatik sistemləri, amfibiya imkanları, eləcə də maneələri aşarkən yolsuzluq şəraitində hərəkət qabiliyyəti qiymətləndirilib.
XTC-03-ün əsas xüsusiyyətlərinə tüstü qumbaraatanları ilə inteqrasiya edilmiş lazer xəbərdarlıq sistemi, kimyəvi və nüvə təhdidlərindən müdafiə, mühərrikin avtomatik söndürülməsi funksiyasına malik yanğınsöndürmə sistemi və heyətin müdafiə rejiminə avtomatik keçidi daxildir.
Zirehli transportyorun layihəsi ilk dəfə cari ilin aprel ayında ictimaiyyətə təqdim edilib.
Nəqliyyat vasitəsinin çəkisi təxminən 16 ton, mühərrikinin gücü isə 351 at qüvvəsi təşkil edir. XTC-03 V8 mühərriki ilə təchiz olunub və saatda 85 kilometr maksimal sürətə malikdir.
Nəqliyyat vasitəsinin arxa hissəsində səkkiz hərbçi daşımaq üçün nəzərdə tutulmuş desant bölməsi yerləşir. Hərbçilər nəqliyyat vasitəsini arxa pandus və ya damdakı lyuklar vasitəsilə tərk edə bilirlər.
XTC-03 amfibiya xüsusiyyətlərinə malikdir. Suda hərəkət iki arxa yan tərəfdə yerləşən pər vasitəsilə təmin olunur. Ön hissədə isə suyun müqavimətini azaltmaq üçün xüsusi lövhə quraşdırılıb.
Korpusun zireh müdafiəsi STANAG standartının 4-cü səviyyəsinə uyğundur. Bu müdafiə 200 metr məsafədən atılan 14,5×114 millimetrlik B-32 zirehdələn güllələrə, eləcə də təxminən 30 metr məsafədə 155 millimetrlik fuqas-qəlpəli mərminin qəlpələrinə qarşı davamlıdır.
Qeyd edək ki, XTC-03 xarici görünüşünə görə Ukraynanın BTR-4 zirehli transportyoruna ciddi bənzəyir.
Sevinc Əliyeva Ordu.az
