Alimlər “itmiş 1 milyard il"i araşdırırlar


Yerin milyardlarla illik tarixi onun qaya qatlarında qorunub saxlansa da, bu hekayənin müəyyən hissələri sanki yoxa çıxıb. Planetin müxtəlif yerlərində rast gəlinən və yüz milyonlarla, hətta bir milyard ildən çox dövrü əhatə edən bu boşluqların mənşəyi uzun müddətdir ki, alimləri düşündürür. Yeni tədqiqatlar göstərir ki, bu sirrin kökü Yerin səthində deyil, planetin dərinliklərində ola bilər.
Bu sirrin ən diqqətçəkən nümunələrindən birinə Birləşmiş Ştatlardakı Böyük Kanyonda (Grand Canyon) rast gəlmək olar. Adətən, milyonlarla il ərzində toplanmış çökmə süxur qatlarının müəyyən bir xronoloji ardıcıllıqla düzüləcəyi gözlənilsə də, burada aralarında yüz milyonlarla il fərq olan süxur formasiyaları birbaşa bir-birinin üzərində yerləşir. "Böyük Uyğunsuzluq" (Great Unconformity) kimi tanınan bu geoloji sərhəd elə təəssürat yaradır ki, sanki Yer tarixinin nəhəng bir hissəsi kəsilib çıxarılıb.
Bu böyük boşluqların səbəbini anlamaq üçün tədqiqatçılar diqqətlərini Yer qabığının çox dərinliklərinə yönəldiblər. “Nature” jurnalında dərc olunmuş bir tədqiqatda Santoş Dhunqana və Nikolas Flament Yerin mantiyasında isti süxurların hərəkətinin qitələrə necə təsir etdiyini araşdırmaq üçün kompüter modellərindən istifadə ediblər. Tədqiqat qrupu yüz milyonlarla il davam edən bu dərin hərəkətlərin planetin səthini necə dəyişdirdiyini araşdırıb.
Modellər göstərir ki, təxminən bir milyard il əvvəldən 540 milyon il əvvələ qədər davam edən Neoproterozoy erasında üç böyük qədim quru kütləsi tədricən yüksəlib. Bunlara müasir Şimali Amerikanın təməlini təşkil edən Lavrentiya, Şimali Avropada yerləşən Baltika və Şimali Çin daxildir. Bu qitələr yuxarı qalxdıqca geniş quru sahələri uzun müddət ərzində iqlim şəraitinin və eroziyanın təsirinə məruz qalıb.
Kontinentlər yüksəldikcə təbiət planetin geoloji arxivini yenidən formalaşdırıb. Su, külək və digər eroziya prosesləri əvvəllər yaranmış süxur qatlarını aşındıraraq yox edib. Lakin tədqiqatçılara görə, bu "itirilmiş zaman" sirrini yalnız eroziya ilə izah etmək mümkün deyil. Qədim və daha gənc süxur qatları arasındakı kəskin sərhədin bu günə qədər aydın görünməsi üçün bu proses çərçivəsində başqa bir hadisə də baş vermiş olmalıdır.
Tədqiqatçıların modellərinə əsasən, əvvəlcə yüksəlmiş quru sahələri sonradan çökməyə başlayıb. Dəniz səviyyəsinin quruya nisbətən qalxması nəticəsində əvvəllər aşınmış səthlərin üzərində yeni çöküntülər toplanıb. Bu proses qədim və daha gənc süxur qatları arasında aydın bir sərhəd yaradıb. Bu xüsusiyyətə bu gün müxtəlif yerlərdə, xüsusilə də Böyük Kanyonda rast gəlmək mümkündür. Şimali Amerika, Şimali Avropa və Şimali Çindən əldə edilən geoloji sübutların model nəticələri ilə üst-üstə düşməsi Yerin dərinliklərində baş verən hərəkətlərin planetin geoloji tarixinin formalaşmasındakı rolu barədə mühüm məlumatlar ortaya qoyub.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
