Kliçko: “Rusiya ballistik raketlərinin zərbələri Kiyevdə üç körpüyə ziyan vurub”


Noyabrın 20-nə keçən gecə Rusiyanın hücumu zamanı Kiyevdə Dnepr çayı üzərindəki üç körpü ballistik raketlərin zərbələrinə məruz qalaraq zədələnib.
Ordu.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Kliçkonun sözlərinə görə, Rusiyanın noyabrın 20-nə keçən gecə həyata keçirdiyi hücum zamanı Kiyevdə üç körpü ballistik raketlərlə zədələnib.
Podilsko-Voskresenski körpü keçidində çayın sağ sahilindən sol sahilinə doğru nəqliyyatın hərəkəti bağlanıb.
Rusiya zərbələri Darnitski körpü keçidinə də ziyan vurub.
Bundan başqa, “Cənub” körpüsü də hücuma məruz qalıb. Kliçkonun bildirdiyinə görə, burada nəqliyyatın hərəkətinə məhdudiyyətlər qüvvədə qalır. Sol sahildən sağ sahilə doğru çəkisi 10 tona qədər olan avtomobillərin və çəkisi 18 tona qədər olan ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Dnepr çayının iki sahili arasında nəqliyyat əlaqəsinin pozulması səbəbindən Kiyev meri sakinləri zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb. O, həmçinin idarə və müəssisələrdən mümkün olduğu hallarda əməkdaşlarının məsafədən işləməsinə şərait yaratmağı xahiş edib.
Qeyd edək ki, Rusiya qüvvələri daha əvvəl də Kiyevdəki “Cənub” və “Şimal” körpülərini ballistik raketlərlə hədəfə alıb.
Sevinc Əliyeva
1 mənbə