13 il ərzində Avropa İttifaqına köçən ukraynalıların sayı açıqlandı


Avropa İttifaqına son 13 ildə köçən Ukrayna vətəndaşlarının ümumi sayının təxminən 6 milyona çatdığı bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatları əsasında aparılan hesablamalara istinadən "RİA Novosti" məlumat yayıb.
Statistikaya əsasən, ötən ilin sonuna Avropa İttifaqında təxminən 1,7 milyon Ukrayna vətəndaşının qüvvədə olan yaşayış icazəsi olub. Bundan başqa, cari ilin sentyabr ayının sonuna olan məlumata görə, Ukraynadan gedən 4,37 milyon nəfər Aİ-də müvəqqəti müdafiə statusu alıb. Onların 98,5 faizi, yəni təxminən 4,3 milyonu Ukrayna vətəndaşlarıdır.
Beləliklə, hər iki göstərici birlikdə təxminən 6 milyon nəfərlik rəqəm ortaya qoyur. Bununla belə, hesablamanın müxtəlif tarixlərə aid statistik məlumatlar əsasında aparıldığı vurğulanır.
Qeyd olunur ki, bu rəqəm Avropa İttifaqı ölkələrinin vətəndaşlığını sonradan qəbul etmiş ukraynalıları, eləcə də Aİ-yə daxil olmayan Avropa ölkələrində yaşayan şəxsləri əhatə etmir.
Məlumatda bildirilir ki, hesablamalar 2013-cü ildə Ukraynada baş verən Avromaydan hadisələrindən sonrakı dövrü əhatə edir.