Rusiya Ukraynanın NATO-ya yaxınlaşmasına da qarşıdır


Rusiya Ukraynanın NATO ilə inteqrasiyasını təmin edə biləcək alternativ formullara da qarşı olduğunu açıqlayıb.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı əsas prioriteti öz milli təhlükəsizliyini qorumaqdır. O, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Rusiyanın mövqeyində heç bir dəyişiklik olmadığını vurğulayıb.
Sankt-Peterburqda jurnalistlərin suallarını cavablandıran Ryabkov Rusiyanın Ukrayna böhranı ilə bağlı diplomatik təmasları davam etdirdiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putinin avropalı rəsmiləri Moskvaya dəvət etmək barədə açıqlamasına toxunan Ryabkov bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.
“TƏHLÜKƏSİZLİK BAŞQA ÖLKƏLƏRİN ZƏRƏRİNƏ GÜCLƏNDİRİLƏ BİLMƏZ”
Ryabkov Qərb ölkələrinə ünvanlanan tələblərin əsasını bölünməz təhlükəsizlik prinsipinin təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, heç bir ölkə öz təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyini zəiflətməklə təmin etməməlidir.
Ryabkov bu yanaşmanın Avropa İttifaqı və NATO ilə aparılan təmaslarda Rusiyanın əsas mövqeyi olduğunu deyib.
UKRAYNANIN NATO-YA YAXIN STATUSUNA DA QARŞIDIR
Ryabkov Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Moskvanın qırmızı xəttini bir daha təkrarlayıb.
O bildirib ki, Ukraynanın alyansa rəsmi üzv olmadan, faktiki olaraq üzvlüyə yaxın status əldə etməsini nəzərdə tutan variantlar da Rusiya üçün qəbuledilməzdir.
Ryabkovun sözlərinə görə, təhlükəsizlik zəmanətləri məsələsi Rusiyanın öz təhlükəsizliyini təmin etmək prioriteti əsasında müzakirə olunmalıdır.
O, Kiyev hakimiyyətinin ilk növbədə Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olması ilə bağlı Rusiyanın tələbini qəbul etməli olduğunu bildirib.
ÜÇTƏRƏFLİ MÜZAKİRƏLƏRİN İKİNCİ TURU QEYRİ-MÜƏYYƏNDİR
Ryabkov Rusiya, ABŞ və Ukrayna arasında aparılan üçtərəfli danışıqların ikinci raundu ilə bağlı hələlik ortaq qərarın qəbul edilmədiyini açıqlayıb.
Onun sözlərinə görə, tərəflər yeni görüşün keçirilməsi ilə bağlı indiyədək razılığa gəlməyiblər.
Mövsüm,
AzNews.az