Avropa “yeni Yalta” ideyasını rədd edib, “İstəklilər koalisiyası”nın liderləri qitənin təsir dairələrinə bölünməsinə qarşı çıxıblar


Ukraynaya dəstək verən ölkələrin liderləri Çin, Rusiya və ABŞ prezidentlərinin görüşündən bir neçə saat sonra Berlində bir araya gələrək Avropanın təsir dairələrinə bölünməsi ideyasına qarşı çıxıblar.
Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Avropa liderləri Ukraynadakı müharibənin başa çatdırılması və qitənin təsir dairələrinə bölünməsi məqsədilə “Yalta konfransının formatını yenidən yaratmaq” cəhdlərini qətiyyətlə rədd ediblər.
Bu barədə Kiyevin müttəfiqlərini bir araya gətirən “İstəklilər koalisiyası”nın cümə axşamı Berlində keçirilən görüşündə bəyan edilib. Görüş Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinin Çində keçirdiyi üçtərəfli tarixi görüşdən cəmi bir neçə saat sonra baş tutub. Şərhçilər həmin görüşü 1945-ci ildə SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə keçirilən görüşə işarə edərək “ikinci Yalta” adlandırıblar.
Tramp, Putin və Si Ukrayna məsələsini müzakirə etsələr də, onların “Sülhə doğru” adlı birgə bəyanatında Ukraynanın adı çəkilməyib.
“Yalta formatı sülh gətirməyəcək. Yaltada Avropa bölündü. Onu parçalayaraq təsir dairələrinə ayırdılar. Biz belə bir hadisənin təkrarlanmasına imkan verməyəcəyik”, - deyə Almaniya kansleri Fridrix Merts bildirib.
O, “İstəklilər koalisiyası”nın hər bir iştirakçısına Berlin divarından bir parça hədiyyə edib. Bununla da 1945-ci ildə təsir dairələrinin bölünməsinin hansı nəticələrə gətirib çıxardığına diqqət çəkib.
Fransa prezidenti Emmanuel Makron isə Si, Putin və Trampın görüşünü tarixi hadisə hesab etmədiyini bildirib.
“Düşünmürəm ki, bu, dünya nizamının yenidən formalaşdırılması deməkdir. Əgər Avropanın və onun təhlükəsizlik sisteminin yenidən qurulması baxımından əsas hadisə varsa, bu, bu gün Berlində keçirilən görüşdür”, - deyə Makron qeyd edib.
Makron vurğulayıb ki, Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar eyni masa arxasında Ukrayna, Avropa, ABŞ və Rusiyanın iştirakı ilə aparılmalıdır.
“Avropalılar öz talelərini özləri müəyyənləşdirmək qərarına gəliblər. Avropa müzakirə masasındakı menyuya daxil edilmiş bir mövzu deyil, öz gələcəyini formalaşdırmaq istəyən dövlətlər birliyidir”, - deyə Fransa prezidenti bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski isə Berlin görüşünün Avropa müttəfiqləri arasında parçalanma yaratmaq üçün Rusiyanın göstərdiyi cəhdlərin uğursuzluğunu nümayiş etdirdiyini bildirib.
Berlində keçirilən görüşdə iştirak edən ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uittkoff və Cared Kuşner də Rusiyanı Avropanın danışıqlarda iştirakına şərait yaratmağa çağırıblar.
Məlumata görə, Avropa artıq Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, Avropa İttifaqı strukturları və NATO-nun yeddi nümayəndəsindən ibarət birgə qrup formalaşdırıb. Qrupun danışıqların növbəti mərhələsində mümkün iştirak etməsi nəzərdə tutulur.
Sevinc Əliyeva Ordu.az