Uşaqları həbsxanada amansız qatil ilə oynayırdı – kamera yoldaşı danışdı


Avstraliyalı Robbi məhkəmə prosesi zamanı ölkənin ən məşhur seriyalı qatillərindən biri Ayvan Milatla üç ay eyni kamerada qalıb. O, bu müddətdə qatilin davranışları ilə bağlı maraqlı təəssüratlarını bölüşüb.
Moderator.az "Cursor"a istinadən xəbər verir ki, Robbi 1989–1992-ci illərdə yeddi turistin qətlində təqsirli bilinən Ayvan Milatla Sidneydəki Lonq-Bey həbsxanasında eyni kamerada saxlanılıb.
Robbinin sözlərinə görə, əvvəlcə kamera yoldaşından çox qorxsa da, zaman keçdikcə onun davranışlarına alışıb və həyatının təhlükədə olduğunu düşünməyib.
Onu ən çox təəccübləndirən hadisə isə uşaqlarının həbsxanaya baş çəkərkən Milatla ünsiyyət qurması olub. Qatil uşaqlarla oynayır, onlarla adi insan kimi davranırmış.
Robbi həmin anları belə xatırlayır:
“Uşaqlar sözün əsl mənasında onun üstünə çıxır, onunla oynayırdılar. O da onlarla çox yaxşı yola gedirdi. Əvvəlcə qorxudan dilim tutulmuşdu. Amma bu, həmin insanın başqa tərəfini görmək üçün bir fürsət idi. O anlarda tamamilə adi insan təsiri bağışlayırdı”.
Robbinin yaddaşında qalan başqa bir hadisə isə kameradakı ikimərtəbəli çarpayı ilə bağlı olub. Milat heç nə demədən aşağı mərtəbədəki çarpayını seçib, Robbi isə onunla mübahisə etməyib.
Bununla belə, Milat məhkəmə iclaslarından qayıdanda bir neçə dəfə özünü saxlaya bilməyərək ağlayıb və günahsız olduğunu təkrarlayıb.
“Bunu mən etməmişəm”, – deyə o bildirirmiş.
Robbinin sözlərinə görə, Milat öz günahsızlığını sübut etməyə çalışır, kamerada isə düşünülməmiş hərəkətlər etmirdi. Lakin onun əleyhinə olan sübutlar kifayət qədər güclü idi və məhkəmə onu ömürlük həbs cəzasına məhkum etmişdi.
Ayvan Milat 1989–1992-ci illərdə yeddi turistin qətlinə görə Avstraliyanın ən məşhur seriyalı qatili kimi tanınıb. Ona başqa cinayətlər də aid edilsə də, Milat bunları etiraf etməyib. O, 2019-cu ilin oktyabrında 74 yaşında xərçəng xəstəliyindən həbsxanada vəfat edib.
1 mənbə
