Ukrayna Krım körpüsünə “uçan modemlər” vasitəsilə zərbə endirib


Kerç boğazı üzərindəki körpüyə hücum zamanı “Starlink” peyk rabitəsindən asılı olmayan, Ukrayna istehsalı rabitə texnologiyalarından istifadə edildiyi bildirilir.
Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Kerç boğazı üzərindəki körpünün bir hissəsinin dağılması ilə nəticələnən hücumda əsasən Ukrayna texnologiyalarından, o cümlədən İlon Maskın “Starlink” peyk şəbəkəsindən asılı olmayan “uçan modemlərdən” istifadə olunub.
Məqalədə qeyd olunur ki, Ukrayna bölmələri son həftələrdə fəaliyyəti məhdudlaşdırılan “Starlink” peyk şəbəkəsinin hərbi versiyası olan “Starshield”dən qəsdən istifadə etməyiblər.
PUA bölməsinin üzvlərindən biri jurnalistlərə bildirib ki, “Starshield”in bağlantı sürəti bir həftədən çox müddət ərzində saatda 161 kilometrlə məhdudlaşdırılıb, əməliyyat üçün isə daha yüksək rabitə sürəti tələb olunub.
“Uçan modemlər” rabitə stansiyaları ilə təchiz edilmiş və retranslyator kimi fəaliyyət göstərən PUA şəbəkəsi adlandırılır. Bu şəbəkə pilotlarla raketlər arasında fasiləsiz əlaqə saxlayıb. Bunun sayəsində hərbçilər raketlərin uçuş məsafəsi boyunca, yüzlərlə kilometr ərzində və hücumun demək olar ki, son saniyəsinə qədər onlardan video görüntülər əldə edə biliblər.
Hərbçilərdən birinin sözlərinə görə, Ukraynanın “uçan modemləri” operatorlarla hücum PUA-ları və ya düşmən ərazisinin dərinliklərinə yönələn raketlər arasında siqnalları ötürür. Sistem PUA-lara və raketlərə pilotlarla əlaqəni qoruyaraq daha uzağa uçmağa imkan verir. Bu isə onları Rusiya zenit vasitələrinin və siqnalların boğulması cəhdlərinin təsirinə daha az həssas edir.
Sistemlər həmçinin pilotlara hədəflərin zəif nöqtələrini daha dəqiq nişan almağa imkan yaradır.
Əvvəllər Ukrayna PUA-ları koordinatlar əsasında proqramlaşdırılır, daha sonra hədəflərə çatmaq üçün avtomatik rejimdə buraxılırdı. Lakin onlar Rusiya hava hücumundan müdafiə sistemlərindən lazımi səviyyədə yayınmağı bacarmadıqları üçün əksəriyyəti vurulurdu.
Yeni rabitə texnologiyasının effektivliyini “Fire Point” şirkətinin paylaşdığı qısa videodan da qiymətləndirmək mümkündür. Videoda “Flamingo” raketinin körpüyə yaxınlaşması əks olunub. Görüntülərdə raketin 1200 kiloqrama qədər döyüş başlığı ilə körpünün dayaq tağına doğru uçduğu aydın görünür.
Məqalə müəllifləri Rusiyanın da öz “uçan modemlər” şəbəkəsini hazırladığını xatırladıblar. Bu şəbəkənin Ukrayna sərhədinə yaxın Rusiya və Belarus ərazilərindəki yerüstü retranslyasiya stansiyaları ilə əlaqə qurduğu və ölkənin daha dərin ərazilərinə dəqiq zərbələr endirmək üçün istifadə edildiyi bildirilir.
Gizli retranslyasiya stansiyalarının Kiyevdə də yerləşməsi və ruslara Dnepr üzərindəki körpülərə hücumlar zamanı kömək etməsi ehtimalı istisna olunmur.
Rusiya bu sistemdən təxminən iki il əvvəl istifadə etməyə başlayıb. Bu ilin yayında isə Ukrayna hərbçiləri nəhayət, həmin sistemlərin fəaliyyətini pozmağın yollarını tapıblar.
Müdafiə İslahatları Mərkəzinin qiymətləndirməsinə görə, son vaxtlar Rusiya PUA-ları getdikcə daha çox şəbəkə modemləri vasitəsilə idarə olunur. Bu şəbəkələrdə istifadə edilən avadanlıqların böyük hissəsi Rusiyaya Çin şirkətləri tərəfindən tədarük edilir.
Ukraynalı hərbi bloqer Boqdan Miroşnikovun fikrincə, Kerç körpüsünə qarşı keçirilən əməliyyat yaxın gələcəkdə Ukraynanın orta mənzilli PUA-larının əksəriyyətinin Rusiya hədəflərinə zərbələr endirmək üçün eyni texnologiyadan istifadə edəcəyini göstərir. Beləliklə, Ukrayna “Starlink”lə bağlı məhdudiyyətlərə cavab olaraq yeni texnologiyalarını inkişaf etdirməyə başlayır.
Xatırladaq ki, körpüyə hücum bir neçə mərhələdə həyata keçirilib və nəticədə Kerç boğazının gəmiçilik üçün istifadə olunan hissəsi üzərindəki avtomobil yolunun bir hissəsi dağılıb. Aviasiya eksperti Boqdan Dolintsenin sözlərinə görə, ilk mərhələdə bir neçə zərbə PUA-sı konstruksiyanın mühüm qovşaqlarına zərər vurub, daha sonra isə ağır raket buraxılaraq körpüyə kritik ziyan yetirilib.
Sevinc Əliyeva Ordu.az
Bizim.media+2 mənbə