Ukrayna Krım körpüsünə hücum edən MICH 2000 PUA-ları üçün mühərrik istehsalına başlayıb


Ukraynanın MICH komandası Krım körpüsünə hücumlarda istifadə edilən MICH 2000 kamikadze PUA-ları üçün mühərrik istehsalını işə salıb.
Ordu.az xəbər verir ki, bu barədə MICH DRONES komandası məlumat yayıb.
Komandanın bildirdiyinə görə, öz istehsal müəssisələrindən istifadə etməklə porşenli və pərli mühərriklərin istehsalını genişləndirirlər.
“Mühərriklərin özümüz tərəfindən istehsalı əsas üstünlüklərimizdən biridir”, - deyə MICH komandası bildirib.
Son iki il ərzində şirkət mühərriklər, döyüş başlıqları, gövdələr, işəsalma dövrələri, eləcə də raket gücləndiriciləri və onlar üçün yanacaq istehsal edən onlarla istehsal müəssisəsini bir araya gətirməyi bacarıb.
Komanda bu əməkdaşlığın öz texnologiyalarını inkişaf etdirməyə, istehsalı genişləndirməyə və Ukrayna müdafiə sənayesini gücləndirməyə imkan verdiyini bildirib.
2026-cı il noyabrın 16-dan 17-nə keçən gecə Ukrayna PUA-ları və raketləri Krım körpüsünə hücum edib.
Zərbə körpünün gəmiçilik üçün nəzərdə tutulmuş hissəsini hədəfə alıb. Həmin hissə avtomobil yolu hissəsi ilə birlikdə suya çöküb.
“Tarixi hadisə zamanı istifadə edilən vasitələr arasında MICH 2000-in də olmasından qürur duyuruq”, - deyə komanda qeyd edib.
MICH 2000 PUA-sının hazırlanmasına 2023-cü ilin sonlarında başlanılıb. Həmin vaxt Ukrayna mühəndisləri mülki PUA-lar almaq üçün Çinə göndərilib. Lazımi texnologiyanı əldə etməyə cəhd etdikdən sonra onlar Ukraynada öz istehsal müəssisələrini yaratmaq qərarına gəliblər.
MICH 2000-in ilk sınaq uçuşları 2024-cü ilin yayında keçirilib. Həmin ilin oktyabrında ilk üç PUA döyüş tapşırığına cəlb edilib, bundan sonra layihə kütləvi istehsal mərhələsinə keçib.
MICH 2000 orta və uzun mənzilli əməliyyatlar üçün səkkiz variantda istehsal olunur. Onun uçuş məsafəsi 2000 kilometrə qədərdir. Faydalı yük daşıma qabiliyyəti 25-60 kiloqram arasında dəyişir. Baza modelinin qiyməti 48 min dollardır. Hərbçilər rabitə növünü, o cümlədən “Starlink” sistemindən istifadə imkanını, yanacaq çəninin tutumunu və terminal tuşlama sistemini seçə bilirlər.
Şirkət Ukraynada delta formalı qanadlara malik gövdələrin, döyüş başlıqlarının, işəsalma lövhələrinin və raket gücləndiricilərinin istehsalını da qurub. Nəticədə yerli istehsalın səviyyəsi 85 faizə çatıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə