Bundesver eyni vaxtda səkkiz tabor və Rəqəmsallaşdırma Mərkəzi yaradıb, Litva briqadasının formalaşdırılmasını tamamlayıb


Almaniya Silahlı Qüvvələri eyni vaxtda səkkiz tabor, iki bölük və Rəqəmsallaşdırma Mərkəzi yaradıb, NATO-nun şərq cinahının müdafiəsi üçün Litvada yerləşdirilən 45-ci “Litauen” tank briqadasının bölmələrinin formalaşdırılmasını da başa çatdırıb.
Ordu.az xəbər verir ki, bu barədə Bundesver məlumat yayıb.
Bundesverin məlumatına görə, noyabrın 19-da Münster şəhərində Almaniya quru qoşunlarının komandanı Kristian Freydinq yeni bölmələrin yaradıldığını rəsmən elan edib.
Altı yeni tabor Ərazi Müdafiəsi Diviziyasının tərkibinə daxil edilib. Hər bir tabor əsasən yerləşdiyi bölgədən olan ehtiyatda xidmət edən hərbçilərdən təşkil olunacaq.
Hər tabor bir neçə yüz hərbçidən ibarət olacaq. Onların vəzifələrinə Almaniyanın kritik infrastrukturunun qorunması və mülki hakimiyyət orqanlarına yardım göstərilməsi daxildir.
111-ci tabor Bavariyanın Fürstenfeldbruk şəhərində, 112-ci tabor Baden-Vürtemberq əyalətinin Ziqmarinqen şəhərində, 121-ci tabor isə Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşəcək.
131-ci, 132-ci və 141-ci taborlar müvafiq olaraq Hessen əyalətinin Fridberq, Reynland-Pfalts əyalətinin Kuzel və Meklenburq-Ön Pomeraniya əyalətinin Trollenhagen şəhərlərində yerləşdiriləcək.
Quru Əməliyyatlarının Rəqəmsallaşdırılması Mərkəzi Almaniyanın D-LBO quru əməliyyatlarının rəqəmsallaşdırılması proqramı üzərində çalışan mütəxəssisləri bir araya gətirəcək və proqramın gələcək inkişafına cavabdeh olacaq.
45-ci “Litauen” tank briqadası üçün 455-ci Özüyeriyən Artilleriya Taboru və 456-cı Təminat Taboru yaradılıb. Briqadaya həmçinin 45-ci Mühəndis Bölüyü və 45-ci Kəşfiyyat Bölüyü daxildir.
Əvvəllər briqadanın əsas döyüş qüvvələrini 203-cü Tank Taboru, 122-ci Mexanikləşdirilmiş Tabor və Litvada yerləşən NATO-nun çoxmillətli döyüş qrupu təşkil edirdi. Almaniya taborları “Leopard 2A6” tankları və “Puma” piyada döyüş maşınları ilə təchiz olunub.
Briqadanın bölmələri artıq Litva ərazisində keçirilən təlimlərdə iştirak edir. Xüsusilə, noyabrın 6-da burada 6 mindən çox hərbçinin qatıldığı “Freedom Shield 26-II” və “Grand Eagle 26” təlimləri başlayıb.
Almaniya NATO-nun şərq cinahını müdafiə etmək üçün briqadanı daimi əsasda Litvada yerləşdirir. Plana əsasən, bölmə 2027-ci ildə tam döyüş hazırlığına çatmalı və 4800 hərbçi, eləcə də 200 mülki əməkdaşdan ibarət olmalıdır.
Briqadanın yerləşdirilməsi üçün Litva Rudninkay poliqonunun yaxınlığında hərbi şəhərcik inşa edir. “Militarnyi” nəşrinin məlumatına görə, 2027-ci ilin sonunadək burada alman hərbçiləri üçün yataqxanaların, anbarların və təmir emalatxanalarının tikilməsi planlaşdırılır.
Sevinc Əliyeva Ordu.az
