Qvatemala cəngəlliklərində mayyalara aid 40-a yaxın sirli heykəl tapıldı


Arxeoloqlar Qvatemalanın şimalındakı qədim El-Mirador şəhərində mayya sivilizasiyasına məxsus tanrı təsvirlərinin olduğu onlarla heykəl və heykəl parçası aşkarlayıblar. Tapıntıların eramızın 600–900-cü illərinə, yəni mayya tarixinin Klassik dövrünün son mərhələsinə aid olduğu bildirilir.
HİT.az xəbər verir ki, bu barədə UNIAN “GEO” nəşrinə istinadən məlumat yayıb.
Tədqiqatçı Duqlas Maurisionun sözlərinə görə, ümumilikdə təxminən 40 bütöv heykəl və tanrı başlarının fraqmentləri aşkar edilib. Gips və suvaq qarışığından hazırlanan artefaktların əhəmiyyətli hissəsi hazırda bərpa prosesindədir. Üç heykəlin fotosunu Qvatemalanın paytaxtındakı laboratoriyada çəkmək mümkün olub.
Qazıntılar zamanı qədim yollar və El-Miradorun cənubunda yerləşən yaşayış sahəsi də üzə çıxarılıb. Arxeoloq Enrike Ernandesin sözlərinə görə, həmin ərazilərin əlavə araşdırılması planlaşdırılır. Alimlər qədim şəhərin vaxtilə bütöv bir bölgəyə nəzarət etmiş ola biləcəyi ehtimalını yoxlamaq istəyirlər.
Tapıntıların aşkarlanmasında LiDAR texnologiyasından istifadə edilib. Lazer impulsları vasitəsilə işləyən bu sistem sıx bitki örtüyünün altında qalan tikililəri və digər obyektləri müəyyənləşdirməyə imkan verir.
Mayya sivilizasiyasının ilk şəhər-dövlətlərindən biri
El-Mirador Qvatemalanın şimalındakı Peten departamentində, Meksika sərhədinə yaxın cəngəlliklərin dərinliyində yerləşir. 1930-cu ildə aşkar edilən qədim yaşayış məntəqəsi mayya sivilizasiyasının ilk şəhər-dövlətlərindən biri hesab olunur.
Ərazidə məskunlaşma təxminən eramızdan əvvəl 600–300-cü illərdə başlayıb. Şəhər ən böyük inkişafına isə eramızdan əvvəl 300-cü ildən eramızın 250-ci ilinə qədər davam edən dövrdə çatıb.
El-Miradorun ən diqqətçəkən tikililərindən biri hündürlüyü 72 metr olan La-Danta piramidasıdır. Bu abidə dünyanın ən böyük piramida komplekslərindən biri sayılır.
2015-ci ildən etibarən hava vasitələri və pilotsuz uçuş aparatlarının köməyi ilə aparılan araşdırmalar nəticəsində ərazidə yüzlərlə qədim yaşayış obyekti və müasir avtomobil yollarını xatırladan geniş yol şəbəkəsi müəyyən edilib. Ekspertlərin qiymətləndirməsinə görə, şəhərdə vaxtilə təxminən 200 min insan yaşamış ola bilər.
Yeni tapıntılar El-Miradorun yalnız dini və yaşayış mərkəzi deyil, həm də geniş əraziyə təsir göstərən mühüm siyasi və iqtisadi mərkəz ola biləcəyi barədə təsəvvürləri genişləndirir.
Samir