“BAE Systems” Böyük Britaniyanın ilk tam avtomatlaşdırılmış sursat istehsalı müəssisəsini açıb


“BAE Systems” Uelsin cənubundakı Qlaskoed şəhərində sursatların partlayıcı maddələrlə doldurulması üçün ilk tam avtomatlaşdırılmış müəssisəni istifadəyə verib.
Ordu.az xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.
Yeni əridib-tökmə istehsal xətti 155 millimetrlik artilleriya mərmilərinin istehsal gücünü 16 dəfə artırmaq məqsədilə həyata keçirilən 180 milyon funt sterlinqlik, təxminən 235 milyon dollarlıq investisiyanın bir hissəsidir.
Müəssisə Böyük Britaniyada iriçaplı sursatların istehsalı üçün yaradılmış ilk tam avtomatlaşdırılmış zavod olub. İstehsal proseslərinin dəqiqliyini və təhlükəsizliyini təmin etmək üçün burada müasir robot sistemlərindən və avtonom nəqliyyat vasitələrindən istifadə ediləcək.
İstehsal prosesi partlayıcı maddənin əridilməsini və artilleriya mərmisinin gövdəsinə tökülməsini əhatə edir. Maddə soyuduqdan sonra mərmilər son yığım mərhələsinə hazırlanır. İlkin sınaqlar, o cümlədən partlayıcı maddələrdən istifadə edilməklə aparılan yoxlamalar başa çatdıqdan sonra genişmiqyaslı istehsala başlanacaq.
Xatırladaq ki, “BAE Systems” iyul ayında Ukraynaya 105 və 155 millimetrlik artilleriya lülələrinin istehsalı üçün ilk boş material partiyasını göndərib. Böyük Britaniyada bu məhsulların istehsalı təxminən 20 ildən sonra ilk dəfə bərpa olunub.
Sevinc Əliyeva Ordu.az