Demokratlar Ukraynada “Starshield” sistemindəki fasilələrə görə “SpaceX” layihələrinin maliyyələşdirilməsini dayandırmaqla hədələyirlər


ABŞ Konqresindəki demokratlar “SpaceX” və Ağ Ev Ukraynada “Starshield” hərbi peyk rabitə sisteminin fəaliyyətinə qoyulan məhdudiyyətləri izah etməsə, şirkətin bəzi layihələrinə federal maliyyənin ayrılmasını dayandıra biləcəklərini bildiriblər.
Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal demokrat konqresmen Cim Haymsın ABŞ Milli Kəşfiyyat Direktoruna Cey Kleytona ünvanladığı məxfi məktubun bir hissəsini əldə edib.
Yanvar ayında Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə rəhbərlik etməyə hazırlaşan Hayms məktubunda komitənin ABŞ hökumətinin tam nəzarətində olmayan sistemlərin hazırlanmasına vəsait ayrılmasını təsdiqləyə bilməyəcəyini bildirib.
Hayms “SpaceX” şirkətinin sahibi İlon Maska ünvanladığı ayrıca məktubda onunla şəxsi görüş keçirmək istəyib. O, oktyabr ayında “Starshield” sisteminin fəaliyyətində hansı dəyişikliklərin edildiyini, bunun səbəbini və qərarın şirkət tərəfindən müstəqil şəkildə, yoxsa hökumət rəsmilərinin göstərişi ilə qəbul edildiyini öyrənmək istəyir.
Komitə ABŞ-nin illik kəşfiyyat icazəsi haqqında qanun layihəsinə “SpaceX” şirkətinin bəzi layihələrinin maliyyələşdirilməsini gecikdirən düzəliş təklif edə bilər.
Oktyabr ayında qərarın kim tərəfindən verilməsi ilə bağlı fərqli məlumatlar yayılıb. CNN-in mənbəsinin sözlərinə görə, “SpaceX” rəhbərləri və Müdafiə Nazirliyinin rəsmiləri qanunvericilərlə şəxsi söhbətlərində Ağ Evə işarə ediblər. Donald Tramp isə qərarın qəbulunda şəxsən iştirak etdiyini inkar edib.
ABŞ rəsmisinin sözlərinə görə, “SpaceX” “Starshield” sistemini ABŞ hökumətinin adından idarə edir. Sistemdən kimin və hansı şərtlərlə istifadə edə biləcəyini də hökumət müəyyənləşdirir.
Senatın Xarici Əlaqələr Komitəsi demokratlar yanvarda çoxluq əldə etdikdən sonra öz araşdırmasına başlamağı planlaşdırır. Senatorlar artıq Maska Ukraynada xidmətin fəaliyyətində yaranmış fasilələrlə bağlı şirkət sənədlərini qoruyub saxlamağı tələb ediblər.
Xatırladaq ki, oktyabrın ortalarında Ukrayna hərbçiləri terminalın sürəti saatda 160 kilometri keçdikdə rabitənin kəsildiyini bildirmişdilər. Oktyabrın 24-dək “Starshield” saatda 400 kilometri aşan sürətlərdə belə sabit işləyib.
Noyabrın 12-də Volodimir Zelenski cəbhə xətti boyunca və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzərində saatda 160 kilometr sürət məhdudiyyətinin yenidən tətbiq edildiyini açıqlayıb.
“SpaceX” fasilələrin texniki problemlərlə bağlı olduğunu bildirib və terminalların işini qəsdən məhdudlaşdırdığını inkar edib. Lakin hərbçilərin cəbhənin müxtəlif istiqamətlərində eyni problemlə bağlı hər gün məlumat verməsi prezidentin bu izahın doğruluğuna şübhə ilə yanaşmasına səbəb olub.
Haymsın açıqlamasından əvvəl də 100-dən çox ABŞ qanunvericisi Ağ Evi fasilələrin səbəblərini araşdırmağa və Ukrayna hərbçilərinin peyk rabitəsinə tam çıxışını bərpa etməyə çağırıb.
Sevinc Əliyeva Ordu.az
