Üçtərəfli görüşün nəticələri: Dünya yeni münasibətlər sisteminə daxil olur? - RƏY


Dünyanın səbrsizliklə gözlədiyi üçtərəfli görüş baş tutdu. ABŞ, Çin və Rusiya prezidentləri - Donald Tramp, Si Cinpin və Vladimir Putin arasındakı görüşdən sonra 4 bəndlik Sülh Bəyənnaməsi də imzalandı. Ancaq görüşün nəticələri ilə bağlı dünya ictimaiyyətindəki fikirlər birmənalı deyil.
Bəs cəmi 1,5 saat çəkən görüşü necə dəyərləndirməliyik?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında politoloq Yusif Bağırov bildirib ki, Donald Tramp, Si Cinpin və Vladimir Putinin ilk dəfə üçtərəfli formatda bir araya gəlməsi özü artıq beynəlxalq münasibətlər sistemində diqqətəlayiq hadisədir:
"Lakin 90 dəqiqəlik müzakirələrin yekununda imzalanan dörd bəndlik Sülh Bəyannaməsinin məzmunu göstərir ki, görüş daha çox qlobal güclər arasında dialoqun bərpası və ortaq maraqların müəyyənləşdirilməsi xarakteri daşıyıb.
Görüşün əsas nəticələrindən biri üç ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı ortaq mövqelərini nümayiş etdirməsidir. Bəyannamənin birinci bəndində BMT-nin islahatına dəstək ifadə olunur. Bu, xüsusilə diqqətəlayiqdir, çünki hazırkı beynəlxalq institutların qlobal münaqişələrin qarşısının alınmasında və həllində effektivliyi ciddi müzakirə mövzusudur. Bununla belə, BMT-də islahatların hansı mexanizmlərlə həyata keçiriləcəyi və digər daimi üzvlərin, xüsusilə Fransa və Böyük Britaniyanın bu prosesə münasibəti hələ açıq qalır".
Politoloq qeyd edib ki, ikinci mühüm istiqamət enerji təhlükəsizliyi və neft məhsullarının istehsalı ilə təchizatının artırılmasıdır:
"Üçüncü bənddə dövlət rəsmilərinin immuniteti və Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindən sui-istifadə etməməsi məsələsinin vurğulanması isə siyasi baxımdan daha həssas məqamdır. Xüsusilə Putinin Ukraynadakı müharibə ilə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinin axtarış qərarı altında olduğunu nəzərə alsaq, bu müddəanın Moskva üçün ayrıca əhəmiyyət daşıdığı görünür. Dördüncü bənddə nüvə müharibəsinin qalibinin olmayacağı vurğulanır və nüvə risklərinin azaldılması üzrə dialoqun aparılması nəzərdə tutulur.
Lakin görüşün nəticələrinə münasibətdə diqqət çəkən əsas məqam Ukrayna və İran münaqişələrinin yekun bəyannamədə ümumiyyətlə əks olunmamasıdır. Halbuki bu məsələlər sammit ərəfəsində mümkün müzakirə mövzuları kimi gündəmdə idi. Putin və Tramp açılış çıxışlarında Ukrayna məsələsinə toxunsalar da, üçtərəfli sənəddə müharibənin dayandırılması, atəşkəs və ya tərəflərin mövqelərinin yaxınlaşdırılması ilə bağlı konkret müddəa yer almadı. Bu da görüşün münaqişələrin həlli baxımından hələlik konkret nəticə vermədiyini göstərir".
Həmsöhbətimiz əlavə edib ki, digər tərəfdən, bu görüşün geosiyasi əhəmiyyətini yalnız imzalanmış sənədin məzmunu ilə məhdudlaşdırmaq düzgün olmazdı:
"Si Cinpin ABŞ və Rusiya prezidentlərini eyni masa ətrafında bir araya gətirməklə Çinin qlobal diplomatiyada aparıcı platforma rolunu nümayiş etdirdi. Tramp isə ənənəvi rəqiblərlə birbaşa dialoqun vacibliyini ön plana çıxardı. Putin üçün bu format Rusiyanın beynəlxalq siyasi proseslərdə mühüm aktor olaraq qaldığını göstərmək imkanı yaratdı.
Düşünürəm ki, Şençjen görüşünü böyük güclər arasında strateji dialoqun yeni siyasi platformasının formalaşması kimi qiymətləndirmək olar. Dörd bəndlik bəyannamə müəyyən ortaq maraqları əks etdirsə də, Ukrayna və İran münaqişələri, nüvə silahlarının məhdudlaşdırılması və qlobal güc rəqabəti kimi fundamental məsələlər üzrə konkret həll mexanizmləri ortaya qoymur. Odur ki, görüşün əsl nəticəsi bundan sonra tərəflərin bəyan etdikləri prinsipləri real siyasi razılaşmalara çevirə bilib-bilməyəcəyindən asılı olacaq".
1 mənbə
