Türkiyədə uşaqların internet vərdişi təəccübləndirdi: 92,7 faiz!


Türkiyədə uşaqlar arasında internet istifadəsi geniş yayılıb. 2026-cı ildə 6-17 yaşlı uşaqların 92,7 faizinin internetdən istifadə etdiyi müəyyənləşib.
Türkiyə Statistika Qurumunun (TÜİK) araşdırmasına görə, bu göstərici 6-10 yaşlı uşaqlar arasında 86,6 faiz, 11-17 yaş qrupunda isə 96,9 faiz təşkil edib.
Araşdırmada uşaqların 80,1 faizinin mobil telefon və ya smartfondan istifadə etdiyi məlum olub. Telefon istifadəçilərinin 37,8 faizi isə cihazını ən azı hər 30 dəqiqədən bir yoxladığını bildirib.
Telefonlardan istifadə məqsədlərinə gəlincə, 6-10 yaşlı uşaqlar arasında oyun oynamaq (73,3 faiz), 11-17 yaş qrupunda isə internetdə gəzmək (87,8 faiz) üstünlük təşkil edib.
Qeyd edək ki, 2026-cı ildə ilk dəfə 11-17 yaşlı uşaqların generativ süni intellektdən istifadəsi və kiberzorakılıqla bağlı göstəricilər də araşdırmaya daxil edilib.