Nazirlik 1 milyondan çox vətəndaşı BELƏ SEVİNDİRDİ


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 155 min şəxsə ümumilikdə 1 milyard 883 milyon manat müavinət və Prezident təqaüdü ödənilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə 526 min nəfərə 1 milyard 57 milyon manat müavinət, 408 min nəfərə 677 milyon manat Prezident təqaüdü, 221 min nəfərə isə sosial sığorta hesabına 149 milyon manat müavinət verilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlər və Prezident təqaüdləri üzrə 10 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər üzrə isə 3 faiz artıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayında 123 min müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. 2019-cu ildən, yəni sosial ödənişlərin elektron təyinatına başlanandan indiyədək isə bu qaydada ümumilikdə 1 milyon təyinat aparılıb.
