Tramp Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təminatlar verə bilər


ABŞ Prezidenti Donald Tramp Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi imkanını nəzərdən keçirməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu ABŞ liderinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bildirib.
Kuşner X sosial şəbəkəsində yazıb ki, Trampın bu cür təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olması davamlı sülhün əldə olunmasında əsas amillərdən biridir. Onun fikrincə, çəkindirici və münaqişələrin qarşısının alınması mexanizmləri ilə dəstəklənən etibarlı təminatlar yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Kuşner qeyd edib ki, bu, ABŞ-ın üzərinə götürə biləcəyi ən ciddi öhdəliklərdən biridir və məsələyə diqqətlə yanaşılmalıdır.
O bildirib ki, belə təminatların verilməsi Trampın Konqreslə bağlı konstitusion prosedurlara uyğun təsdiqini tələb edəcək. Kuşnerin sözlərinə görə, ABŞ prezidenti yalnız bu addımın ölkənin milli maraqlarına tam uyğun olduğuna əmin olacağı təqdirdə belə qərar verə bilər.
O, həmçinin daha geniş təhlükəsizlik mexanizmlərinin yaradılmasının təminatların tətbiqinə ehtiyac yaranması ehtimalını minimuma endirəcəyini vurğulayıb.
1 mənbə
