Tramp Putindən nə istəyib?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynada müharibənin dayandırılması istiqamətində danışıqların sürətləndirilməsinə çağırıb. O, razılaşma əldə etmək üçün hazırkı dövrün əlverişli olduğunu bildirib.
Tiraj.az xəbər verir ki, bu barədə “Axios” nəşri avropalı və amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Putinin şəxsi görüşü əvvəlcədən nəzərdə tutulmasa da, ABŞ lideri Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səyləri Rusiya prezidenti ilə birbaşa müzakirə etmək istəyib.
Nəşrin məlumatına əsasən, həmin gün daha sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Berlində Avropa liderləri ilə görüşüblər. Onlar Trampın Putinlə söhbətində sülh danışıqlarının sürətləndirilməsi üçün təzyiq göstərdiyini bildiriblər.
Xatırladaq ki, Donald Tramp və Vladimir Putin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşüblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqların əsas mövzusu Ukrayna olub. Tramp da görüşdən sonra bu məsələnin müzakirə edildiyini təsdiqləyib.
Liderlərin ikitərəfli görüşündən sonra Putin, Tramp və Çin sədri Si Cinpin arasında üçtərəfli danışıqlar da keçirilib. Görüşlərin yekununda Putin Trampın Ukrayna münaqişəsini həll etməkdə səmimi maraqlı olduğunu düşündüyünü bildirib.
Digər tərəfdən, “The Washington Post” qəzeti mənbələrinə istinadən yazıb ki, Putin və Si Cinpinlə görüşdən sonra Tramp Avropa ölkələrinin rəhbərlərini Rusiya ilə razılaşmaya getməyə və Ukraynaya ayrılan vəsaitləri öz ehtiyaclarına yönəltməyə inandırmağa çalışıb.
Arif
1 mənbə