ABŞ Sakit okeanda dərin dəniz mədənçiliyi üçün milyonlarla hektar ərazini icarəyə verdi


ABŞ hökuməti Sakit okeanda, Amerika Samoası yaxınlığında yerləşən okean dibinin mineral ehtiyatlarının araşdırılması üçün iki böyük ərazini 20 illik müddətə icarəyə verib. Bu, ABŞ-da dərin dəniz mədənçiliyi sahəsində ilk belə hərrac kimi qiymətləndirilir.
Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Noyabrın 19-da keçirilən hərracda “Wetstone U.S. Ventures” şirkəti hər iki sahə üzrə qalib elan edilib. Şirkət hər ərazi üçün müəyyən edilmiş 3 milyon dollarlıq ilkin təkliflə iştirak edib. Ümumilikdə 31,5 milyon akrdan çox ərazini əhatə edən sahələrdə nikel, manqan, kobalt və mis kimi strateji mineralların mövcud olduğu ehtimal edilir.
ABŞ administrasiyası bu təşəbbüsü ölkənin strateji mineral ehtiyatlara çıxışını genişləndirmək və Çinlə rəqabətdə mövqelərini gücləndirmək baxımından əhəmiyyətli hesab edir.
Ekoloji narahatlıqlar və etirazlar
Layihə yerli icmaların və ekoloji təşkilatların etirazına səbəb olub. Tənqidçilər okean dibində aparılacaq araşdırma və gələcək mədənçilik fəaliyyətlərinin dəniz canlılarına, mərcan riflərinə və balıqçılıq təsərrüfatlarına zərər verə biləcəyindən narahatdırlar.
Bununla belə, icarə müqavilələri şirkətə dərhal kommersiya məqsədli hasilata başlamaq hüququ vermir. İlkin mərhələdə yalnız ərazinin öyrənilməsi, xəritələşdirilməsi və nümunələrin götürülməsi mümkündür. Faktiki mədənçilik üçün əlavə ekoloji qiymətləndirmə və dövlət icazələri tələb olunur.
Dərin dəniz mədənçiliyi hazırda dünyada ciddi müzakirə mövzusudur. Bir tərəf strateji minerallara artan tələbatı əsas gətirərək bu sahənin inkişafını dəstəkləyir, digər tərəf isə okean ekosistemlərinə mümkün zərərin geri dönməz ola biləcəyini bildirir.
1 mənbə