Tramp İrana qarşı yeni genişmiqyaslı hücum planını nəzərdən keçirir


“New York Times” (NYT) qəzetinin ABŞ və İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni genişmiqyaslı hücum planını nəzərdən keçirir.
SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, qəzetin mövzuya yaxın ABŞ və İsrail mənbələrinə istinadən verdiyi xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni İsrail qüvvələri ilə birlikdə İrana qarşı 4-7 gün davam edəcək hava hücumlarında iştirak etməyə razı salmaq üçün ciddi səylər göstərir.
Mənbələr iddia ediblər ki, Tramp İsrailin İranın raket və pilotsuz uçuş aparatları (PUA) arsenalını yenidən bərpa etməsi, eləcə də kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirməsi ilə bağlı xəbərdarlıqlarını nəzərə alır. Bu çərçivədə ABŞ Prezidenti İrana qarşı yeni genişmiqyaslı hücum planını dəyərləndirir.
ABŞ mənbələrindən biri Trampın ABŞ-nin faktiki olaraq müharibəni uduzduğu barədə tənqidlərə həssas yanaşdığını vurğulayıb. Digər amerikalı mənbə isə İranın heç vaxt nüvə silahına sahib olmaması üçün bütün variantların prezidentin müzakirə masasında olduğunu bildirib.
ABŞ mənbələrinin iddialarına görə, Amerika ordusu son həftələrdə bölgədə hərbi gəmilərdən, qırıcı təyyarələrdən və bombardmançılardan ibarət geniş hərbi qüvvə formalaşdırıb. Trampın təsdiq verəcəyi təqdirdə İranın PUA və raket arsenalına, enerji obyektlərinə, İslam İnqilabı Keşikçiləri Korpusunun komanda məntəqələrinə və qərargahlarına qarşı qısamüddətli, lakin intensiv hücum kampaniyası həyata keçirilə bilər.
Bundan əlavə, ABŞ mənbələri İsrailə yaxın vaxtlarda əlavə “Patriot” hava hücumundan müdafiə batareyasının təhvil verildiyini bildiriblər.
Mənbələrin məlumatına görə, İsrailin planlarına İranın nüvə obyektlərinə qarşı yeni hücumlarla yanaşı, sənaye müəssisələrinin və mülki əhalinin elektrik təchizatını dayandıra biləcək genişmiqyaslı enerji infrastrukturu zərbələri də daxildir. Lakin Tramp hələlik bu plana razılıq verməyib.
NYT-nin xəbərinə görə, ABŞ-ni İrana qarşı yeni hücumlara cəlb etməyə çalışan İsrail rəsmiləri İranın əhəmiyyətli kimyəvi və bioloji silah potensialını qoruyub saxladığını, bunun region üçün təhlükə yaratdığını və ABŞ ilə Avropaya qarşı terror hücumlarında istifadə oluna biləcəyini iddia edirlər.
İsrailin ABŞ-ni İrana hücuma razı salmaq cəhdləri barədə məlumatlı mənbələr ABŞ kəşfiyyat rəsmilərinin də İranın kimyəvi və bioloji silah imkanlarını artırmaq istiqamətində səylərinə dair sübutlar əldə etdiklərini irəli sürüblər.
Mənbələrin iddiasına görə, üstünlük təşkil edən qənaət budur ki, İran bu imkanları İsrailə və digər rəqiblərinə qarşı qabaqlayıcı məqsədlərlə istifadə etmək üçün deyil, ABŞ və İsraili nüvə silahından istifadədən, yaxud İranın infrastrukturuna və mülki əhalisinə ağır zərər vuracaq genişmiqyaslı hücumlardan çəkindirmək məqsədilə inkişaf etdirir.
Məqalədə qeyd olunur ki, İsrail İran rəsmilərinin ABŞ-nin yüksək vəzifəli şəxslərinə qarşı kimyəvi maddələrdən istifadə etməyi planlaşdırdığı iddiasını əks etdirən kəşfiyyat məlumatlarını da Vaşinqtonla bölüşüb.
Mənbələr həmin təhdidin ABŞ-nin maliyyə naziri Skott Bessentin son həftələrdə yaşadığı evdən başqa bir yerə köçürülməsi qərarı ilə əlaqəli olduğunu iddia ediblər.
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Tramp İrana qarşı yeni genişmiqyaslı hücum planını nəzərdən keçirir
