Toral Bayramov: "Baş məşqçi harada istəsə, oynayaram"


Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının D Liqasında son oyununu keçirəcək. Yığmamız səfərdə Lixtenşteynin qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, qarşılaşma öncəsi keçirilən mətbuat konfransında milli komandamızın futbolçusu Toral Bayramov iştirak edib.
O, əvvəlcə Zəfər Bayramı münasibətilə təbriklərini çatdırıb və qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:
“Zəfər bayramımızı təbrik edirəm. Bakıdakı oyun 0:0 hesabı ilə bitmişdi. Bu dəfə qələbə qazanmaq lazımdır. Komandamıza inanıram”.
Oyuna hazırlıqdan danışan futbolçu komandanın qarşılaşmaya tam hazır olduğunu bildirib:
“Oyuna tam olaraq hazırıq. Komandamız adından bunu deyirəm. Əvvəl epizoda girməmək problemi var idi, indi isə epizodları dəyərləndirmək lazımdır. İnşallah, bunun da öhdəsindən gələcəyik”.
Toral Bayramov hansı mövqedə oynamağı daha rahat hesab etməsi ilə bağlı suala isə belə cavab verib:
“Milli komanda qürur yerimizdir. Əsas olan oynamaqdır. Hansı mövqedə oynamağın fərqi yoxdur. Baş məşqçi harada istəsə, oynayaram”.
