“The Hill”: Tramp Putini qucaqladığı halda Rusiya ABŞ-nin müttəfiqlərinə hücum edir


ABŞ senatorları Rusiyanın müttəfiq ölkələrin hava məkanını pozmasını pisləyərək Vaşinqtonu dərhal cavab verməyə çağırıblar.
Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Demokrat senatorlar Cin Şahin və Kris Kuns Rusiyanı ABŞ-nin müttəfiqlərinin hava məkanını pozduğuna görə qınayıblar. “The Hill” nəşrinin əldə etdiyi bəyanatda onlar ABŞ-nin dərhal reaksiya verməli olduğunu vurğulayıblar.
“[Rusiya prezidenti Vladimir] Putinin tərəfdaşlarımıza, xüsusilə NATO ölkələrinə qarşı həyata keçirdiyi bu təhlükəli hibrid hücumlar silsiləsi bizim qətiyyətimizi sınağa çəkir və Ukraynaya dəstəyimizi zəiflətmək cəhdidir”, - deyə bəyanatda bildirilib.
Bundan əlavə, Şahin və Kuns ABŞ prezidenti Donald Trampı Çin lideri Si Cinpinlə üçtərəfli görüşü zamanı Putinə qarşı dost münasibətinə görə tənqid ediblər.
“Prezident Tramp Vladimir Putini hərarətlə qucaqladığı bir vaxtda Rusiya Amerikanın müttəfiqlərinin hava məkanına qəbuledilməz müdaxilələrini davam etdirir”, - deyə senatorlar bildiriblər.
Ağ Evin mətbuat katibi Anna Kelli isə “The Hill” nəşrinə açıqlamasında Trampın ABŞ-nin maraqlarını müdafiə etmək üçün istənilən dünya lideri ilə görüşəcəyini bildirib.
“Prezident Tramp ölkəmizin maraqlarını irəli aparmaq üçün istənilən şəxslə görüşəcək. Onun ABŞ üçün əlverişli razılaşmalar əldə etmək bacarığı artıq ədalətli ticarət sazişlərinin bağlanmasına, nüvə əməkdaşlığının yaxşılaşdırılmasına, Amerika məhsullarının bazarlara çıxışının genişləndirilməsinə və bir çox digər nəticələrə imkan yaradıb”, - deyə o bildirib.
Nəşrin qeyd etdiyi kimi, Trampın Putinə qarşı isti münasibəti bəzi respublikaçılar tərəfindən də tənqid olunub.
“Düşünürəm ki, onun dostu suveren dövlətə hücum edib və yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıyır. Bu, mənim münasibət qurmaq istədiyim çevrə deyil”, - deyə respublikaçı senator Tom Tillis bildirib.
“The Hill” nəşrinin məlumatına görə, Tramp və Putinin Çindəki görüşündən bir neçə saat sonra Rusiya Ukraynaya ağır zərbələr endirib.
“Putin bu görüşlərdən açıq şəkildə daha da özünəinamlı şəkildə ayrılıb, sülhə daha çox meyil göstərməyib. Konqres Amerikanın müttəfiqlərinə dəstək məsələsində qətiyyətini qoruyur. Biz ABŞ-nin maraqlarını müdafiə etmək və Ukraynanın Rusiyanın səbəbsiz təcavüzünə qarşı mübarizəsini dəstəkləmək öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik”, - deyə senatorlar vurğulayıblar.
Xatırladaq ki, Tramp daha əvvəl Putinlə xüsusi dostluq münasibətləri ilə fəxr etdiyini və Rusiya, eləcə də Çin liderləri ilə şəxsi əlaqələrinin ABŞ üçün üstünlük olduğunu bildirmişdi. ABŞ prezidenti Putini dostu adlandırmasına görə tənqidlərə münasibət bildirərkən Rusiya lideri ilə yaxşı şəxsi münasibətlər qurmaqda heç bir problem görmədiyini demişdi.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
