“SkyFall” və “Auterion” Almaniyada PUA istehsalı zavodu açacaq


Ukraynanın “SkyFall” və Almaniyanın “Auterion” şirkətləri Almaniyada PUA istehsalı üzrə birgə müəssisə yaradacaq.
Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.
Şirkətlər bu barədə Berlində keçirilən 9-cu Almaniya-Ukrayna İqtisadi Forumunda açıqlama veriblər.
Yeni zavodda əvvəlcə Ukrayna Silahlı Qüvvələri üçün PUA-lar istehsal ediləcək. Gələcəkdə müəssisənin məhsullarının Almaniya ordusuna da tədarük olunması mümkündür.
“SkyFall x Auterion” adlandırılan birgə müəssisə hər iki ölkənin hökumətlərinin dəstəyi ilə “Build with Ukraine” rəsmi müdafiə əməkdaşlığı proqramı çərçivəsində yaradılacaq.
Tərəfdaşlıq şirkətlər arasında artıq mövcud olan əməkdaşlığın davamıdır. Onlar birlikdə Ukrayna ordusuna 50 mindən çox “Shrike” zərbə PUA-sı tədarük ediblər.
İndi tərəflər daha genişmiqyaslı istehsala keçməyi planlaşdırırlar. Bu məqsədlə Almaniyada yeni zavod inşa ediləcək.
Yeni istehsal müəssisəsinin əsas üstünlüklərindən biri onun Rusiyanın hava zərbələrinin çata bilmədiyi ərazidə yerləşməsidir.
PUA-lardan birbaşa cəbhə xəttində istifadə edən bölmələrin rəyləri və təcrübələri davamlı olaraq tərtibatçılara çatdırılacaq. Bu məlumatlar Almaniyadakı istehsal və PUA-ların təkmilləşdirilməsi prosesinə operativ şəkildə daxil ediləcək.
İlkin mərhələdə zavodda “Shrike” FPV PUA-larının istehsalına diqqət yetiriləcək. Gələcəkdə istehsal xəttinin genişləndirilməsi planlaşdırılır. Belə ki, müəssisədə “SkyFall” şirkətinin önləyici PUA-ları, eləcə də orta və uzaq məsafələrə zərbələr endirmək üçün nəzərdə tutulan insansız sistemlər istehsal ediləcək.
Bu sistemlərdə “SkyFall” şirkətinin PUA gövdələri Almaniyanın “Auterion” şirkətinin avionik sistemləri və “AuterionOS” əməliyyat sistemi ilə birləşdiriləcək.
Layihə Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək. Tərəfdaşların planına əsasən, bu model Almaniya vəsaitlərinin Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin müasir insansız sistemlərlə təchiz olunmasına yönəldilməsinə imkan verəcək.
Eyni zamanda, Almaniya yeni istehsal imkanları, iş yerləri və öz insansız texnologiyalar sektorunu inkişaf etdirmək fürsəti əldə edəcək.
“Auterion” müdafiə proqram təminatı və insansız sistemlər üçün süni zəka əsaslı həllərin hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir. Onun texnologiyalarından hava, quru və dəniz platformalarında istifadə olunur.
“SkyFall” isə insansız sistemlərin hazırlanması və istehsalı ilə məşğul olan Ukrayna texnologiya və müdafiə şirkətidir.
Şirkətin tanınmış layihələri arasında “Vampire” ağır bombardman PUA-sı, “Shrike” FPV PUA-ları, “P1-SUN” önləyici PUA-ları, “StarGate” təxliyə PUA-sı, eləcə də “Thor Hammer” və “Atropus” zərbə sistemləri var.
Sevinc Əliyeva Ordu.az