Sitrusçuluq, çayçılıq və çiyələk əkini ilə məşğul olan fermerlərin təklifləri dinlənildi


Masallının Mahmudavar kəndində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı rayon müşavirəsi keçirilib.
Rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri, bələdiyyə sədrləri, 200-dən çox sahibkar və fermerin iştirak etdikləri tədbirdə çıxış edən RİH-in başçısı Araz Əhmədov ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb: “Aqrar sahədə həyata keçirilən ardıcıl tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi, müasir texnika və avadanlıqlara çıxış imkanlarının genişləndirilməsi, subsidiya və güzəşt mexanizmlərinin tətbiqi kənd təsərrüfatının inkişafına mühüm təkan vermişdir. Bu siyasətin davamı olaraq cari il mayın 25-də Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalanmışdır. Yeni dövlət proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı üçün mühüm hədəflər müəyyən edir. Proqramın əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsul istehsalı ilə emal arasında əlaqələrin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir”.
Məruzə ilə çıxış edən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev isə rayonda kənd təsərrüfatına yararlı 32 min 519 hektar torpaq sahəsi, onun 24 min 907 hektarının əkin torpaqları, 10 min 197 hektarın isə suvarılan torpaqlar olduğunu xatırladıb. Bildirib ki, rayonun torpaq-iqlim şəraiti çayçılığın, sitrus meyvəçiliyinin və digər bağçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. S.Nuriyev əlavə olaraq digər əkin növləri və məhsuldarlıq barədə də müşavirə iştirakçılarına geniş məlumat verib.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxışında qeyd edib ki, başçılıq etdiyi kollektivin əsas fəaliyyət istiqamətləri əhalinin və abonentlərin içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi, kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatının ödənilməsi, eləcə də rayon ərazisində mövcud suvarma şəbəkələrinin istismarının təşkili və onlara nəzarətin həyata keçirilməsindən ibarətdir: “Rayon ərazisində 10 min 131 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı idarəmizin balansında olan Viləşçay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə təmin olunur. Suvarma suyunun itkisiz və maneəsiz su istifadəçilərinə çatdırılması üçün idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Göyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülüb. Hazırda da bu istiqamətdə işlərimiz davam edir”.
Müşavirədə Aqroservis ASC Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov qurumun mineral gübrələrə, texnikaya və onlara uyğun aqreqatlara olan tələbatın ödənilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Sahibkar və fermerlərdən “Baba Bulağı” MMC-nin direktoru Zəmanə Babayeva-Cəfərzadə sitrus meyvəçiliyi və çayçılıq, eləcə də “Hacıoğlu-2023” MMC-nin nümayəndəsi Allahyar Muradov çiyələkçilik barədə görülmüş işlər, qarşıya qoyulmuş hədəflər və mövcud istehsal gücü barədə məlumat veriblər.
Diskusiya şəraitində keçən müşavirədə sahibkarları və torpaq mülkiyyətçilərini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.
Seyran CAVADOV,
“Azərbaycan”
