Şimali Koreya lideri Kim Çen In hərbi-dəniz akademiyasını ziyarət edib


Şimali Koreya lideri Kim Çen In noyabrın 18-də Kim Çen Suk adına Hərbi-Dəniz Akademiyasına baş çəkərək komandanlıq heyətinin hazırlığı ilə tanış olub və hərbi təhsilin təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.
Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
“Dəyişən vəziyyət və daim artan çağırışlar güclü hərbi-dəniz qüvvələrinin yaradılmasını prioritet strateji vəzifəyə çevirməyi tələb edir”, - deyə Kim Çen In vurğulayıb.
Onun sözlərinə görə, mövcud şəraitdə müasir müharibə şəraitində səmərəli fəaliyyət göstərmək qabiliyyətinə malik komandirlərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Şimali Koreya lideri hərbi-dəniz qüvvələrinin silahlı qüvvələrin yüksək texnologiyalı qoşun növünə çevrilməsi ilə yanaşı, akademiyanın mütəxəssis hazırlığındakı rolunun da artdığını bildirib. O, rəqiblərlə davam edən qarşıdurma şəraitində ölkənin dənizdə müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Kim Çen In akademiyanın tədris proqramları, təhsil prosesinin təşkili və maddi-texniki bazası ilə tanış olub. O, həmçinin müəllim və kursantların komanda-qərargah və xüsusi təlimlərini, o cümlədən döyüş əməliyyatlarının modelləşdirilməsi üçün trenajorlardan istifadəni izləyib, təhsil müəssisəsinin modernləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
Sevinc Əliyeva Ordu.az