“Sənayecihaz” EİM-in Telemexanika zavodunda səyyar görüş


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Sənayecihaz” EİM-in Telemexanika zavodunda səyyar görüş keçirib.
Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və zavodun işçiləri iştirak ediblər.
Görüşdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhərdə həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri, eləcə də şəhər təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, şəhərin müxtəlif ərazilərində su və kanalizasiya şəbəkələrinin yenilənməsi, küçələrin müasir işıqlandırma sistemi ilə təmin edilməsi və yolların asfalt-beton örtüyünün təzələnməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksi, Kür çayının sahilində inşa olunan “Şirvan bulvarı” və digər infrastruktur layihələri ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramının icrası istiqamətində nəzərdə tutulan tədbirlər və şəhərin gələcək inkişaf perspektivləri barədə məlumat verilib.
Görüş zamanı müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlər ətraflı müzakirə olunub, həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Görüş iştirakçıları müraciətlərinə həssaslıqla yanaşılmasına və qaldırdıqları məsələlərin həlli istiqamətində göstərilən diqqətə görə razılıqlarını ifadə edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də müraciət prosesinin daha rahat və operativ həyata keçirilməsi məqsədilə vətəndaşlar “myGov” platforması vasitəsilə müraciət edə bilərlər.
