Şəhid Murad Mayılovın əziz xatirəsi anılıb


Qobustan rayonunun Nabur kəndində Vətən müharibəsi şəhidi Mayılov Murad Gülümxan oğlunun anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov,RİH başçısı aparatının əməkdaşları,hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhidin ailə üzvləri,digər şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.Mərasim zamanı şəhid Murad Mayılovun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Mayılov Murad Gülümxan oğlu 28 may 1998-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuşdur.2004-cü ildə Nabur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş,2016-cı ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır.Murovdağ istiqamətində yerləşən hərbi hissədə xidmət edən Murad nümunəvi davranışı və nizam-intizamı ilə komandanlığın və əsgər yoldaşlarının rəğbətini qazanaraq 2018-ci ilin yanvar ayında hərbi xidmətini uğurla başa vurmuşdur.
Murad Mayılov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı döyüşlərə cəlb olunmuş və Füzuli, Xocavənd və Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.O,9 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, noyabrın 18-də doğulduğu Nabur kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Mayılov ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.